"Cəmiyyətdə formalaşmış ənənəvi düşüncə tərzinə görə, ailənin “tam” olması üçün mütləq övladın olması şərt sayılır. Uşağı olmayan ailələrin xoşbəxtliyi çox zaman şübhə ilə qarşılanır, hətta onların birgə qərarlarına, birliklərinə hörmətlə yanaşılmır".Bunu SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.
Onun sözlərinə görə, ailə modeli uşaq olmadan qoruna bilirsə, uğurdur: "Əslində isə, qadınla kişinin övlad olmadan da münasibətlərini sevgi və hörmət üzərində qurması, bir-birinə dayaq olub ailə modelini davam etdirməsi təqdirəlayiq haldır və bu, cəmiyyət tərəfindən qəbul edilməli, hörmətlə qarşılanmalıdır. Təəssüf ki, milli mentalitetimiz bu məsələyə dar çərçivədən baxır. Uşaqsız ailələri davamlı şəkildə süni mayalanmaya yönəltmək, övladlığa uşaq götürməyə təşviq etmək və ya ailəni tam saymamaq kimi yanaşmalar geniş yayılıb".
Sosioloq deyir ki, belə ailələrə öz istəklərini etməyə, həyatlarını yaşamağa icazə vermək lazımdır: "Halbuki, hər bir ailənin öz seçiminə və qərarına hörmətlə yanaşmaq, onların birgə xoşbəxtliyini yalnız övlada bağlamamaq lazımdır. Əgər bir qadın və kişi uşaqsız belə bir ailə modeli quraraq xoşbəxtdirsə, bu, cəmiyyət tərəfindən anlayışla qarşılanmalı və alqışlanmalıdır".