Son günlər Vaşinqtonda keçirilən görüşlər dünya siyasətində yeni reallıqları bir daha ortaya qoydu. Xüsusilə də, ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqı liderləri ilə görüşü Avropanın içində olduğu dərin siyasi böhranı açıq şəkildə nümayiş etdirdi. Bu görüş həm də Avropaya böyük siyasi mesaj idi. İllərdir ki, dünya siyasətində ikili standartlarla olmazın pisliklərini törədən həmin bu avropalı “liderlər”, indi etdiklərinin cəzasını çəkirlər. Xüsusilə Ukraynadakı qanlı müharibəni alovlandıran bu tiplər, keçmiş ABŞ prezidenti, 81 yaşlı yaddaşını itirmiş Co Baydenlə birlikdə minlərlə günahsız insanın qanına bais olublar. Üstəlik bu siyasi bitmişlər Ukraynada “yuyulan” milyard dollarlıq silah ticarətindən də böyük qazanclar əldə ediblər. Bu gün Ağ Evdə D.Trampın qarşısında körpə günahkar formada təzim edən bu tiplər həm də “qoca qitənin” dünya siyasətindəki etimad və çəkisini də yerin altına soxublar.
Avropada liderlik böhranı, siyasi iflas mənzərəsi
Artıq sirr deyil ki, Avropa siyasi elitası son illər ciddi zəifləmə dövrünü yaşayır. Qitənin aparıcı dövlətlərində siyasi qeyri-sabitlik, parçalanma və liderlik böhranı müşahidə olunur. Nə Almaniya, nə Fransa, nə də digər böyük dövlətlər beynəlxalq münasibətlərdə söz sahibi olmaq iqtidarında deyillər.
Vaşinqton görüşündə Trampın sərgilədiyi münasibət bunu daha da aydın göstərdi. O, Avropa İttifaqı liderlərini sanki tələbə masasının arxasında əyləşdirib “dərs keçirdi”. Avropa liderləri isə yalnız dinləyici rolunda iştirak edərək, hər hansı təşəbbüs göstərə bilmədilər. Bu, Avropanın siyasi nüfuzunun nə qədər aşağı düşdüyünün bariz sübutudur.
Əslində, Avropa bu gün təkcə ABŞ qarşısında deyil, ümumilikdə beynəlxalq arenada təsir imkanlarını itirib. Böyük dövlətlər arasında balans yarada bilmir, qlobal proseslərə yön verə bilmir. Bu isə qitənin uzunmüddətli perspektivdə siyasi iflası deməkdir.
İlham Əliyevin Vaşinqtonda bərabər səviyyədə dialoqu
Tam fərqli mənzərə isə Azərbaycan Prezidenti İlham Əliyevlə Donald Trampın görüşündə müşahidə olundu. Prezident İlham Əliyev Vaşinqtonda Trampın yanında əyləşərkən ortaya qoyduğu mövqeylə diqqət çəkdi. Burada heç bir asılılıq, heç bir ikinci dərəcəli münasibət yox idi.
Tramp necə oturmuşdusa, İlham Əliyev də elə oturmuşdu, yəni dövlət başçısı kimi, özünəinamlı, qətiyyətli və ləyaqətli şəkildə. Bu, təsadüfi görüntü deyildi. Bu, Azərbaycanın beynəlxalq aləmdə qazandığı statusun, Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin və ölkəmizin yüksələn nüfuzunun bariz göstəricisi idi.
Müqayisə aparsaq daha dəqiq görmək mümkündür. Bir tərəfdə zəif, özünü müdafiə etmək iqtidarında olmayan Avropa liderləri, digər tərəfdə isə regionda söz sahibi olan, dünya gücləri ilə bərabərhüquqlu dialoq aparan Prezident İlham Əliyev. Bu müqayisə özü-özlüyündə çox şeyi izah edir.
Azərbaycanın artan rolu Avropanın çöküşü
Vaşinqton görüşləri həm də onu göstərdi ki, XXI əsrin yeni siyasi düzəni formalaşır. Bu düzəndə Avropa siyasi elitası getdikcə arxa plana keçir, əvəzində Azərbaycan kimi dövlətlər önə çıxır. Prezident İlham Əliyevin siyasi qətiyyəti, prinsipial mövqeyi və milli maraqları qətiyyətlə müdafiə etməsi ölkəmizi beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşa çevirib.
Avropa siyasi elitası liderlik böhranı içində çökür. Amma Azərbaycan Prezidenti İlham Əliyev güclü dövlət başçısı obrazı ilə beynəlxalq siyasətdə öz yerini möhkəmləndirir. Bu, həm Azərbaycanın gələcəyi, həm də regionun sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Bir sözlə...
Avropa liderlərinin Vaşinqtondakı mənzərəsi siyasi çöküşün simvolu oldu. Amma Prezident İlham Əliyevin Tramp ilə görüşündə ortaya qoyduğu mövqe Azərbaycanın yeni dövrdə güclü dövlətlərindən biri olduğunu bir daha sübut etdi.
Yusif Quliyev