ABŞ-ın gizli hərbi kosmik təyyarəsi yeni missiyaya hazırlaşır...

22 Avqust 2025 00:34 (UTC+04:00)

ABŞ hərbi kosmik təyyarəsi X-37B səkkizinci missiyasına 21 avqust 2025-ci ildə buraxılacaq.

Buraxılış Floridadakı Kennedi Kosmik Mərkəzindən SpaceX Falcon 9 raketi ilə planlaşdırılır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Interesting Engineerin yazır.

…Pilotsuz və avtonom kosmik təyyarə Yer orbitində eksperimentlər aparmaq üçün istifadə olunur. Onun mövcudluğu məlum olsa da, cihazın vəzifələrinin əksəriyyəti məxfi olaraq qalır.

X-37B yüksək etibarlılığı və təkrar istifadəni təmin edən qabaqcıl texnologiyalarla təchiz edilmişdir.

Onun modul dizaynı ona müxtəlif missiyaları yerinə yetirməyə imkan verir.

Qurğu avtonom şəkildə Yerə qayıtmağa qadirdir ki, bu da təkrar uçuşlara hazırlığı sürətləndirir.

Yeddinci missiya martın 7-də Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasına uğurlu enişlə başa çatıb.

Uçuş zamanı “kosmik məlumatlılıq” texnologiyaları sınaqdan keçirilib ki, bu da ABŞ-a artan sıxlıq və rəqabət şəraitində orbitdəki vəziyyətə nəzarət etməyə kömək edəcək. Minimum yanacaq sərfiyyatı ilə orbitin dəyişdirilməsi üçün aerodinamik əyləc manevri də aparılıb ki, bu da cihazın çevikliyini təsdiqləyib.

Yenidən kosmik təyyarənin göyərtəsində kvant naviqasiyası sahəsində təcrübələrin aparılacağı gözlənilir. Layihələrdən biri GPS-ə alternativ ola biləcək və peyk sistemlərinin mövcud olmadığı və ya sıxışdırıldığı ərazilərdə naviqasiyaya imkan verən kvant inertial sensordur.

X-37B missiyası ABŞ-ın gələcək kosmik əməliyyatları üçün strateji əhəmiyyət kəsb edir.

Əli Babayev