Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin yüksəkixtisaslı kardioloqu, böyük təcrübəyə malik Ləman Eyvazlı “TAVI xəstələrinin əməliyyat öncəsi dəyərləndirilməsi” mövzusunda ətraflı məlumat verib. Transkateter Aort Qapaq İmplantasiyası (TAVİ) proseduru pasiyentlərin düzgün seçimi və hazırlığı əməliyyatın uğur göstəricilərini müəyyən edən əsas amillərdəndir. Bu mərhələdə pasiyentin klinik vəziyyətinin dərin təhlili, risk faktorlarının qiymətləndirilməsi, ürək-damar anatomiyasının dəqiq vizualizasiyası və yanaşı xəstəliklərin nəzərə alınması vacib rol oynayır. Düzgün aparılan öncədən dəyərləndirmə əməliyyatın təhlükəsizliyini və effektivliyini artırır, pasientin reabilitasiya prosesini isə xeyli asanlaşdırır.
Dr. Ləman Eyvazlı çıxışında əməliyyatın uğurla həyata keçirilməsi üçün öncədən aparılan klinik qiymətləndirmənin, laborator və instrumental müayinələrin, həmçinin kardioloji risk faktorlarının nəzərə alınmasının vacibliyini vurğulayıb.
O, həmçinin qeyd edib ki, bu dəyərləndirmə prosesi xəstənin ümumi sağlamlıq vəziyyətinin təhlili, anesteziya üçün uyğunluq, damar anatomiyasının araşdırılması və əməliyyatdan sonra sağalma mərhələsinin planlaşdırılmasını əhatə edir. Bu yanaşma yalnız əməliyyatın təhlükəsizliyini artırmır, eyni zamanda pasientin həyat keyfiyyətini və proqnozunu yaxşılaşdırır.
Mövzu üzrə ətraflı məlumatı təqdim etdiyimiz çarxda izləyə bilərsniz.