“Böyük Qayıdış” proqramı Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış ərazilərinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə geri qaytarılmasını nəzərdə tutan tarixi, sosial və strateji əhəmiyyətə malik təşəbbüsdür. Bilinənin əksinə, bu proses təkcə məcburi köçkünlərin fiziki olaraq doğma torpaqlarına dönməsi ilə məhdudlaşmır, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə dayanıqlı sosial-iqtisadi infrastrukturun qurulmasını, təhlükəsizliyin təmin edilməsini və regionda həyatın bərpasını əhatə edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.
Turan Rzayev sözlərinə belə davam edib: "Azərbaycan uzun müddətdir ki, bu prosesi öz daxili imkanları ilə aparsa da, aydın məsələdir ki, belə bir kompleks və həssas proqramın sürətli həyata keçirilməsi həm də beynəlxalq tərəfdaşlığa və xarici dəstəyə bağlıdır. Bu baxımdan beynəlxalq təşkilatların, xüsusilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR), UNESCO-nun və digər humanitar və inkişaf qurumlarının prosesə dəstəyi mütləqdir.
Bu gün beynəlxalq oyunçuların, xüsusilə Avropa İttifaqı, ABŞ və regionun böyük dövlətlərinin Böyük Qayıdış prosesini dəstəkləməsi, Ermənistanla münasibətlərin normallaşması istiqamətində də müsbət impuls yaradır. Azərbaycan bu proqramı faktiki olaraq təkcə texniki bərpa layihəsi kimi deyil, həm də regionda davamlı sülhə töhfə verən siyasi akt kimi təqdim etməyi bacarıb. Ehtimal ki, yaxın gələcəkdə beynəlxalq donor və tərəfdaşların marağı da prosesə artacaq.
Lakin bu proses yalnız fürsətlərlə deyil, müəyyən risklərlə də müşayiət olunur. Ən başlıcası təhlükəsizlik və minalardan təmizləmə məsələsidir. Hazırda azad olunmuş ərazilər dünyanın ən çox minalanmış bölgələrindən biri hesab olunur. Bakı artıq dəfələrlə beynəlxalq tərəfdaşlığın burada rolunu qabardıb, Prezident İlham Əliyev çıxışlarında bu mövzuya xüsusi yer verir. Əgər beynəlxalq ictimaiyyət bu humanitar fəlakətə yetərincə reaksiya verməzsə, bu proses çərçivəsində mülki şəxslərin həyatını itirmə halları uzun illər davam edəcək.
Digər bir risk isə informasiya müharibəsi və dezinformasiyadır. Ermənistan, xüsusilə də lobbi və diaspor dairələri, onların əlində olan ekspert və media resursları vasitəsilə Azərbaycanı etnik təmizləmədə və ya bu bölgələrdə süni demoqrafik mühit yaratmaqda ittiham etməyə çalışırlar. Bu iddialar real faktlara əsaslanmasa da, beynəlxalq arenada Azərbaycanın legitim addımlarını gözdən salmağa yönəlmiş təbliğatın tərkib hissəsidir. Xarici siyasi dəstək bu nöqtədə də ön plana çıxır.
Azərbaycan post-münaqişə dövründə öz daxili potensialı ilə bərpa prosesini reallaşdırır. Bərpa olunan bölgələrdə bu gün "ağıllı kənd", "yaşıl enerji zonası", "dayanıqlı şəhərsalma" kimi müasir texnologiyalar və yanaşmalar tətbiq edilir. Xarici şirkətlərin bu layihələrdə iştirakı həm iqtisadi, həm də diplomatik baxımdan ciddi dividendlər verə bilər".