"Yeni dərs ilindən gözləntilər və yeniliklər bir deyil, bir neçə istiqamətdə və bir neçə səviyyə üzrə ola bilər. Təhsil çoxşaxəli bir sahədir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elmin Nurizadə deyib.
O bildirib ki, bu sahəyə məktəbəqədər təhsildən tutmuş ali təhsil və elmi institut səviyyəsinə qədər pillələr daxildir. Lakin ən vacib görüləcək işlər sahələrə görə sistemləşdirilməlidir: "Birincisi, bu il nəhayət bütün məktəblərdə şagird davranış qaydaları tətbiq olunmalıdır. Yeni tədris ili məhz şagird davranış qaydalarının rəsmi təsdiqi ilə başlamalıdır. Neçə illərdir bu məsələ yalnız pilot məktəblərdə həyata keçirilir. Halbuki bir çox məktəblərdə hələ də şagird və müəllim intizamsızlığı müşahidə olunur. Bu detalların qarşısını almaq üçün ilk atılacaq addım məhz budur.
İkincisi, süni intellekt və təhsil istiqamətində ciddi layihələr həyata keçirilməlidir. Bu, həm ümumi orta təhsili, həm də ali və peşə təhsilini əhatə etməlidir. İndi süni intellekt və IT texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Dünyanın qabaqcıl təhsil trendləri artıq süni intellektlə sıx bağlıdır və bu, mütləq təhsildə öz əksini tapmalıdır.
Üçüncüsü, şagirdlərin ağır dərs yükü, çantaların ağırlığı və proqramların həddindən artıq yüklü olması məsələləri ciddi şəkildə müzakirə edilməli və nəticə əldə olunmalıdır. Bu mövzularda illərdir danışılır, lakin ortada tətbiq baxımından nəticə görünmür. Bu il bu problemlər aradan qaldırılmalıdır.
Rəqəmsal bacarıqlar daha çox məktəbləri əhatə etməlidir. Məktəblinin Dostu layihəsi, STİM layihəsi uğurludur, amma məhdud sayda məktəbdə tətbiq olunur. Bu layihələr genişləndirilməlidir.
Peşə təhsili ilə bağlı məsələlər isə ümidvericidir və bunu etiraf etməliyik. Lakin artıq tələbə sayını artırmaqla yanaşı, keyfiyyəti də təmin etməliyik. Peşə təhsili təhsil strategiyamızda ən uğurlu istiqamətlərdən biridir. Peşə təhsil müəssisələrinin, ixtisasların və oradakı tələbələrin sayı artırılmalıdır. Son 3-4 ildə peşəyə maraq əvvəlki illərlə müqayisədə artıb. Amma plan yerlərinin azlığı və ödənişli təhsil imkanlarının məhdudluğu səbəbindən bir çox gənc bu sahədə məyus olur. Bu istiqamətdə ciddi işlər görülməlidir".