Xaricdə təhsil alan gənclərin müəyyən hissəsi niyə geri dönmür? - EKSPERT AÇIQLADI

21 Avqust 2025 14:04 (UTC+04:00)

“Azərbaycanda gənclərin miqrasiya meyilləri son illərdə daha qabarıq şəkildə özünü göstərir və bu, təsadüfi bir proses deyil, sistemli sosial-iqtisadi və elmi problemlərin nəticəsidir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkəni tərk edənlərin əsas hissəsini 20–35 yaş arası gənclər təşkil edir. Xarici universitütlərin rəsmi göstəricilərinə əsasən, hazırda 45 mindən çox azərbaycanlı gənc xarici universitetlərdə təhsil alır. Onların əhəmiyyətli hissəsi yalnız təhsil üçün yox, həm də daha yaxşı karyera və sosial şərait axtarışı üçün ölkəni tərk edir. Bu isə uzunmüddətli perspektivdə ölkənin intellektual potensialının itirilməsi, yəni “beyin axını” probleminin daha da dərinləşməsi deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov sözlərinə belə davam edib: “Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsində hər kəsin təhsil almaq hüququ təsbit olunub, “Təhsil haqqında” Qanunun 14.1-ci maddəsində isə açıq şəkildə göstərilir ki, dövlət təhsil sistemini əmək bazarının tələblərinə uyğun formalaşdırmalıdır. Amma təəssüf ki, qanunda əksini tapan bu müddəalar praktikada öz təsdiqini tapmır. Çünki ölkədə ali məktəblərin keyfiyyəti, tədris proqramlarının çevikliyi və gənclərə real iş bazarında imkanlar yaradılması çox zəifdir. Bu səbəbdən gənclərin böyük qismi xarici universitetləri seçir, çünki orada həm keyfiyyətli təhsil, həm də təhsildən sonra yüksək maaşlı iş imkanları var.

Müsbət tərəfi odur ki, xaricdə təhsil alan gənclərin müəyyən hissəsi geri dönərək ölkəyə yeni biliklər və müasir yanaşmalar gətirir. Onların ölkədə fəaliyyətə başlaması elmi və akademik mühitin zəif də olsa inkişafına töhfə verir. Dövlətin də “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə gənci xaricdə oxutması milli elm üçün faydalı addım olmuşdu. Amma mənfi tərəfi daha ağırdır: xaricdə təhsil alanların əksəriyyəti geri dönmür. Çünki ölkədə əməkhaqqı aşağı, karyera inkişafı qeyri-şəffaf, sosial təminatlar isə zəifdir. Dövlətin böyük resurslar sərf etməsinə baxmayaraq, bu potensial ölkə üçün yox, başqa ölkələrin inkişafına xidmət edir.

Dünya təcrübəsi ilə müqayisədə Azərbaycanın geridə qalması daha aydın görünür. Məsələn, Çində xaricdə oxuyan gənclərin qayıdışı üçün dövlət xüsusi qrantlar ayırır, vergi güzəştləri tətbiq edir, yüksək maaşlı dövlət və elmi vəzifələr təklif edir. Hindistan uzun illər “beyin axını” problemi ilə üzləşsə də, informasiya texnologiyaları sektorunda “beyin dövriyyəsi” modelini tətbiq edərək xaricdə təhsil alan mütəxəssislərin ölkəyə qayıtmasını stimullaşdırıb. Avropa İttifaqı “Erasmus+” kimi proqramlarla tələbələrin mübadiləsini təşkil edir, amma eyni zamanda onların öz ölkələrində fəaliyyətini təşviq edən mexanizmlər yaradır. Azərbaycanda isə bu sahədə nə dövlət proqramı, nə də sistemli plan mövcuddur. Xaricdə təhsil alan gənclərin qayıdışı üçün hər hansı stimullaşdırıcı siyasət həyata keçirilmir.

Nəticədə, dəyişəcək olan budur ki, gənclərin ölkədən axını davam edəcək, əmək bazarında ixtisaslı mütəxəssis çatışmazlığı daha da artacaq, ölkənin intellektual potensialı zəifləyəcək. Dəyişməli olan isə yanaşmadır. Əgər ölkədə ali təhsil müasir tələblərə uyğunlaşdırılmasa, əməkhaqları artırılmasa, şəffaf və ədalətli karyera yüksəlişi imkanları yaradılmasa, gənclərin böyük əksəriyyəti ölkədən gedəcək. Elm və Təhsil Nazirliyi bu istiqamətdə nə maarifləndirmə aparır, nə də real proqramlar təqdim edir. Nazirliyin proqnozları yoxdur, gənclərin gələcəyi ilə bağlı hər hansı strateji plan mövcud deyil. Sadəcə rəqəmlər açıqlanır, amma bu rəqəmlərin arxasında duran səbəblərin aradan qaldırılması istiqamətində addımlar atılmır.

Əslində isə ölkə üçün ən böyük sərvət insan kapitalıdır. Əgər bu kapital ölkədən çıxırsa və başqa dövlətlərin inkişafına xidmət edirsə, bu, milli təhlükəsizlik problemi səviyyəsində ciddi məsələdir. Ona görə də Azərbaycan üçün beyin axınının qarşısını almağın yeganə yolu təhsilin keyfiyyətini yüksəltmək, əmək bazarını rəqabətqabiliyyətli etmək, gənclərin azad mühitdə işləməsini və inkişafını təmin etməkdir. Əks halda, yaxın illərdə Azərbaycanın ən yaxşı beyinləri yalnız xarici universitetlərdə və şirkətlərdə öz potensialını reallaşdıracaq, ölkə isə getdikcə intellektual resurslardan məhrum olacaq.

Hesab edirəm ki, bu mənzərə təkcə təhsil sahəsinin yox, ümumilikdə dövlət siyasətinin nəticəsidir. Amma təəssüf ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə heç bir ciddi konsepsiya ortaya qoymur, gənclərin miqrasiyası barədə cəmiyyətə aydın məlumat vermir və ən əsası, gələcək üçün real proqnoz hazırlamır. Bu isə göstərir ki, gənclərin ölkədə qalması üçün aidiyyəti qurumlarınin əlində hazırda nə planı, nə də iradəsi var”.

Ayşən Vəli