Azərbaycan və BƏƏ rus “Eurovision”unda iştirakdan imtina ediblər

21 Avqust 2025 01:07 (UTC+04:00)

...“Eurovision”a alternativ kimi yer alan “Russia Intervision 2025” müsabiqəsinin təşkilatçıları iki iştirakçının imtinası ilə üzləşib: əvvəllər iştirakçı ölkələr kimi elan edilmiş Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri rəsmi siyahıdan çıxarılıb.

SİA xəbər verir ki, TASS-ın “Traditsii İskusstva” (İncəsənət Ənənələri) təşkilat fonduna istinadən verdiyi məlumata görə, bu ölkələr “daxili səbəblər və hazırlıq üçün vaxtın olmaması səbəbindən” iştirakdan imtina ediblər.

Müsabiqənin Telegram kanalında dərc edilən yenilənmiş siyahıda onun yerinə Madaqaskar yer alıb.

Beləliklə, iştirakçıların yekun siyahısına 19 ölkə: Belarus, Venesuela, Vyetnam, Misir, Hindistan, Qazaxıstan, Qətər, Çin, Kolumbiya, Kuba, Qırğızıstan, Madaqaskar, Rusiya, Səudiyyə Ərəbistanı, Serbiya, Tacikistan, Özbəkistan, Cənubi Afrika Respublikası və ABŞ daxildir.

Təşkilatçıların sözlərinə görə, əvvəllər bir sıra Avropa ölkələrinə dəvətlər göndərilib. "Artıq bu il formata qlobal marağı nümayiş etdirən müsabiqədə bütün qitələr təmsil olunacaq. Təəssüf ki, bəzi ölkələr daxili səbəblər, hazırlıq üçün vaxt azlığı və nazirlik tədbirlərinin sıx qrafiki ucbatından iştirak edə bilməyib", - "İncəsənət Ənənələri" Fondundan bildiriblər.

Rusiya 2022-ci ildən Eurovision-da iştirak etmir: təşkilatçılar Ukraynanın işğalından sonra ölkənin fəaliyyətini dayandırıblar. Bunun fonunda mədəniyyət naziri Olqa Lyubimova Intervision-u “çoxqütblü dünyada mədəni müxtəlifliyin” təşviqi üçün platforma kimi qaytarmağı təklif edib. Birinci Kanalın baş direktoru Konstantin Ernst müsabiqənin siyasi məhdudiyyətlər olmadan “azad platformaya” çevriləcəyini bildirərək ideyanı dəstəklədi. Fevral ayında Vladimir Putin musiqi müsabiqəsinin keçirilməsini əmr etdi.

Nazlı Almuradova