"İş insan üçün təkcə gəlir mənbəyi deyil, eyni zamanda özünüifadə və dəyər hissinin mənbəyidir. İş həyatına sahib olmaq insanı yaradıcı, aktiv və faydalı hiss etdirir". Bunu SİA-YA açıqlamasında psixoloq Ezgi Şahin deyib.
Onun sözlərinə görə,insan işlədikcə nələrsə yaradır, özünə və cəmiyyətə töhfə verir: "Amma işsizlik baş verdikdə bu dinamizm dayanır. Həyat bir növ "pauza"ya keçir. İnsan nə maddi ehtiyaclarını qarşılayır, nə də mənəvi olaraq özünü faydalı hiss edir.İşsizlik eyni zamanda maaşsızlıq və gəlirsizlik deməkdir. Bu isə müasir dövrdə bir çox sosial fəaliyyətlərdən uzaq qalmaq, əsas ehtiyaclarını belə ödəyə bilməmək anlamına gəlir. Belə bir vəziyyət insanı tədricən psixoloji çöküntüyə sürükləyə bilər. Çünki insan artıq özündə "heç nəyə yaramıram", "əlimdən bir şey gəlmir" düşüncələrini formalaşdırır, bu isə yetərsizlik kompleksinə, depresiyaya və bəzi hallarda, təəssüf ki, intihara qədər aparır.Hazırda xəbər portallarında, sosial şəbəkələrdə bu tip hadisələrin artması, gənclərin və ailə başçılarının psixoloji təzyiqlərə tab gətirməyib həyatlarına son qoymaları təsadüfi deyil. Əsas səbəblərdən biri də işsizlik və onun gətirdiyi ümidsizlikdir".
Ailə və uşaq psixoloqu Aynur İsmayılova isə bu fikirləri səsləndirib: "İnsanın günlərini boş keçirməsi, uzun müddət işsiz qalması və vaxt rejiminin olmaması zamanla psixoloji fəsadlara səbəb olur. Bu hal davam etdikcə, fərddə stress, ruh düşkünlüyü və nəticə etibarilə gizli depressiya yarana bilər. İnsan sosial həyatdan uzaqlaşır, özünü cəmiyyətdə artıq və dəyərsiz hiss etməyə başlayır. Əgər insan müəyyən yaş dövrünə qədər aktiv və davamlı işlə məşğul olarsa, bu, onun psixoloji durumuna da müsbət təsir edir. İş fəaliyyəti insanda məqsəd hissini gücləndirir, məsuliyyət və özgüvən yaradır. Gündəlik iş rejimi və ay sonunda alınan əməkhaqqı isə insanda motivasiya və həyat enerjisi formalaşdırır. Beləliklə, insan özünü faydalı və dəyərli hiss edir, bu da onun ruhi sağlamlığını qoruyur".