"Geyim yalnız görünüş deyil" - AYDINLIQ GƏTİRİLDİ

20 Avqust 2025 13:30 (UTC+04:00)

"Moda yalnız geyim və vizual gözəllikdən ibarət deyil; o, həm də sosial və mədəni mesajlar daşıya bilər". Bunu SİA-ya açıqlamasında stil üzrə mütəxəssis, modelyer Şəlalə Maqsudova deyib.

Onun sözlərinə görə, geyim dedikdə biz yalnız modanı və görünüşü nəzərdə tutmuruq: "Geyim eyni zamanda bədənimizi örtən, fəsillərə uyğun olaraq istilik və soyuqdan qoruyan bir vasitədir. Zaman keçdikcə dizaynerlər parçalar üzərində öz ideyalarını ifadə edərək, müxtəlif formalarda və fərqli yanaşmalarla geyimlər ortaya qoymuşlar.

Hər kəs bilir ki, moda incəsənətin ayrılmaz bir hissəsidir və geyim mədəniyyətin bir ifadəsidir. Geyim insanın təqdimatında böyük rol oynayan bir vasitədir. Eyni zamanda, insanlar geyim vasitəsilə öz ideyalarını və mesajlarını başqalarına çatdıra bilirlər.

Geyim müxtəlif tərzlərdə ola bilər. Bəzən qeyri-adi materiallardan hazırlanmış geyimlər də mövcuddur, yəni geyim yalnız parçalardan ibarət deyil. Bəzi dizaynerlərin məqsədi isə sırf estetik deyil; onlar gündəlik tullantılardan da geyim hazırlayaraq insanlara mesaj vermək istəyirlər. Məsələn, mən selofan paketlərdən hazırladığım geyimləri təqdim edərkən bir çox insan bunu qəbul etmədi, çünki onlar bu əşyaları yalnız yararsız hesab edirdilər. Amma mənim məqsədim insanlara göstərmək idi ki, gündəlik tullantılardan belə gözəllik yaratmaq mümkündür.

Təbii ki, hər kəs bunu eyni şəkildə qiymətləndirməyəcək. Bəzi insanlar inanacaq ki, geyim yalnız parçalardan ibarət olmalıdır, lakin bəziləri bu yanaşmanı alqışlayacaq. Bu cür eksperimental və fərqli yanaşmalar dizaynerlərin yaradıcılıq fantaziyasının məhsuludur".