"Azərbaycanda balanslı məşğulluq sistemi qurulmalıdır" - AYDINLIQ GƏTİRİLDİ

20 Avqust 2025 10:24 (UTC+04:00)

"Qadınların ictimai həyatda iştirakı vacibdir, amma hər şey balanslı olmalıdır. Bu sözləri SİA-ya açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib.

O bildirib ki, Azərbaycanda qadınların ictimai, siyasi, sosial işlərdə fəal iştirakı tarixi əslində Sovet dövründən başlayır. Sovet dövründə bu sistemlə tənzimlənmişdi. Belə ki, bütün ictimai fəaliyyət sahələrində qadınlar təmsil olunurdu, zərərli iş sahələri istisna olmaqla.

Sistem belə qurulmuşdu ki, əvvəl bütün kişilər işlə təmin olunurdu, sonra isə qalan yerlərə qadınlar cəlb olunurdu. Çünki ailənin başçısı, rəhbəri kişidir və onun işlə təmin olunması vacibdir. Amma hal-hazırda Azərbaycanda vəziyyət fərqlidir: Ciddi işsizlik var və iş vakansiyalarının azı 90 faizində qadın işçi axtarılır. Kişilər üçün uyğun iş yerləri demək olar ki, yoxdur. Bu isə gender balansını qadınların xeyrinə, kişilərin zərərinə pozur.

Bu vəziyyət kişilərin ailə qurmasına, sosial məsuliyyətlərini yerinə yetirməsinə ciddi mənfi təsir göstərir. Kişilər işləyə bilmədiyi üçün həyatlarını qura bilmirlər, ailə saxlaya bilmirlər. Digər tərəfdən isə qadınlar istədikləri sahələrdə işləyə bilirlər. Bu isə ailədaxili problemlərə, boşanmalara, evliliklərin azalmasına, demoqrafik böhrana səbəb olur.

Sosial balans pozulub. Şərti misalla desək, əgər ölkədə, 100-ü qadın 100-ü kişi olmaqla 200 işçi varsa və 150 iş yeri mövcuddursa, əvvəlcə 100 kişi iş yerləri ilə təmin olunmalıdır, qalan 5- yerə isə qadınlar. Bu həm təbiət qanunlarına, həm sosial, həm də mənəvi dəyərlərə uyğundur. Çünki uşaq baxımı, süd vermək kimi məsələlər qadına aiddir və kişi bunları əvəz edə bilmir. Amma indiki sistemdə qadınlar məcbur işə gedir, kişilər isə evdə qalır.

Hazırkı vəziyyət sağlam deyil. Ailələr dağılır, sosial disbalans yaranır, gender bərabərsizliyi artır. Dövlət orqanlarında, özəl sektorda, hətta hüquq-mühafizə orqanlarında da qadınlara üstünlük verilir, kişilər kənarda qalır. Bunun səbəbi bilinmir, amma nəticəsi açıq görünür: kişilər ölkədən kütləvi şəkildə gedir, evlilik sayı azalır, boşanmalar artır. Belə sistem nə bioloji, nə sosial, nə də mənəvi baxımdan düzgün deyil. Azərbaycanda ya kifayət qədər iş yeri yaradılmalıdır, ya da balanslı sistem qurulmalıdır ki, ilk növbədə kişilər işlə təmin olunsun, sonra qadınlar. Əks halda bu qeyri-sağlam mühit daha da böyüyəcək və mənfi nəticələrini daha açıq şəkildə göstərəcək".