Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin əsas iqamətgahı olan “Bellevue” sarayı və ona bitişik Prezident Administrasiyasının binası əsaslı təmirə bağlanacaq. SİA “Bild” qəzetinə istinadla xəbər verir ki, bu müddətdə dövlət başçısı və onun 250 əməkdaşı üçün müvəqqəti olaraq yeni inzibati bina istifadəyə veriləcək. Həmin binanın təxminən 205 milyon avroya başa gələcəyi, illik kirayə haqqının isə 16 milyon avro olacağı bildirilir.
Müvəqqəti inzibati bina Berlinin mərkəzində, hökumət binalarının yerləşdiyi kvartalda inşa edilir. Federal Əmlak Agentliyinin (BImA) həyata keçirdiyi layihəyə əsasən, bina yalnız 5 müddətində Prezidentin və administrasiyasının müvəqqəti istifadəsində olacaq. Daha sonra burada digər federal idarələrin yerləşdirilməsi planlaşdırılır.
Hazırda “Bellevue” sarayında enerji təchizatı sistemlərinin yenilənməsi, texniki qurğuların müasirləşdirilməsi, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və əlçatanlığın təmin edilməsi istiqamətində layihələndirmə işləri aparılır. Bununla yanaşı, Prezidentin administrasiyasının 1998-ci ildən fəaliyyət göstərən mövcud binasında da əsaslı yenidənqurma işləri aparılacaq. Bu bina hökumətin Berlinə köçürülməsi zamanı istifadəyə verilən ilk inzibati tikililərdən olub. Mövcud memarlıq hüquqları nəzərə alınmaqla binadakı texniki və təhlükəsizlik nöqsanlarının aradan qaldırılması yenidən layihələndiriləcək.
Almaniya Prezidenti və komandasının yeni müvəqqəti binaya gələn il köçməsi nəzərdə tutulur.