Böyük Britaniya ətraf mühit normalarında Avropa İttifaqından geri qalır

20 Avqust 2025 05:27 (UTC+04:00)

“Brexit”dən sonra aparılan dəyişikliklər fonunda Böyük Britaniya ətraf mühitin qorunmasına dair mühüm qaydaları zəiflətməkdə ittiham olunur. SİA “Guardian”a istinadla xəbər verir ki, ekspertlərin fikrincə, hökumət bəzi sahələrdə irəliləyiş əvəzinə geri addım atmağı seçir. Halbuki Leyboristlər Partiyası seçki öncəsi proqramında ekoloji standartların zəiflədilməyəcəyinə dair vəd vermişdi.

“The Guardian” və Avropa Ətraf Mühit Siyasəti İnstitutunun (IEEP) təhlilinə əsasən, Böyük Britaniya nadir heyvanların, o cümlədən qırmızı dələ kimi növlərin qorunması, hava və suyun təmizlənməsi, məhsullardan təhlükəli kimyəvi maddələrin çıxarılması, istehlak mallarının daha çox təkrar emal edilə bilən və enerji səmərəli olması kimi sahələrdə Avropa İttifaqından geri qalır.

Araşdırmaya görə, “Brexit”dən bəri Aİ ətraf mühitlə bağlı 28 yeni və ya yenilənmiş qanunvericilik qəbul edib, Böyük Britaniya isə onların heç birini tətbiq etməyib. Əksinə, ölkə dörd fərqli sahədə- qorunan yaşayış yerləri, pestisidlər, balıqçılıq və digər qaydalar üzrə mövcud qanunları zəiflədib.

Ekspertlər bildirirlər ki, Baş nazir Kir Starmer hökumətinin Aİ ilə münasibətlərdə yenidən başlama vədlərinə baxmayaraq, indiyədək “Brexit”dən sonra yaranan boşluqları bağlamağa başlamaması ciddi narahatlıq doğurur.