Laçın rayonunun yeni inkişaf dövrü ŞƏRH

19 Avqust 2025 11:13 (UTC+04:00)

Laçın şəhəri günü Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır.

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilib. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatıb. 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilib, mədəni irsimizə böyük zərbə vurulub, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalıb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıbdir.

Genişmiqyaslı quruculuq işləri uğurla davam edir. Bütövlükdə Laçında 700-dən artıq bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Laçın rayon 2 nömrəli tam orta məktəbinin 510 şagird yeri var, məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var. Həmçinin, Azərbaycan Prezidentinin Sərəncamı ilə rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası da aparılır. Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Müəssisədə yataq və qonaq otaqları dəstlərinin, qapıların və digər mebel məhsullarının istehsalı nəzərdə tutulub. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq. İstehsal sahələrində ümumilikdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Prefabrik modul evlərin istehsalı müəssisəsində isə ildə 200 ev hazırlanacaq. Bu evlərin daş evlərdən üstünlüyü ondan ibarətdir ki, onlar zəlzələyə davamlı və yüksək dayanıqlılıqla yanaşı, ekoloji cəhətdən təmizdir. Həmçinin uzunömürlü və yanğına davamlı olan bu evlərin digər bir üstünlüyü isə qiymətinin daha sərfəli olmasıdır. Bu müəssisədə də 100 nəfər daimi işlə təmin olunub. Xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin illik istehsal gücü 17 min baş heyvan kəsiminə imkan verir. Bu müəssisədə 30 nəfər işlə təmin olunacaq. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək.

Dövlət başçısının dediyi kimi, “Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır!”

Bu qüruru bizə bəxş edən ən önəmli səbəblərdən biri, bizim məhz ədalətli müharibə aparmağımızdır, ədaləti özümüzün öz gücümüz hesabına bərpa etməyimizdir!

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini