"İnternet asılılığı bu günün ən aktual psixoloji və sosial problemlərindən biri kimi qiymətləndirilir. Xüsusilə də gənclər arasında internetdən həddindən artıq istifadə sosial münasibətlərin keyfiyyətinə ciddi təsir göstərir. Psixoloqların fikrincə, bu asılılıq real həyatda ünsiyyətin zəifləməsinə, münasibətlərin dərinliyinin itirilməsinə və gənclərin sosial bacarıqlarının zəif inkişaf etməsinə gətirib çıxara bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, internet asılılığına meylli gənclər zaman keçdikcə dostları və ailə üzvləri ilə ünsiyyət qurmaqda maraqsız olurlar. Onlar daha çox virtual mühitdə vaxt keçirməyə üstünlük verir və real sosial münasibətləri ikinci plana atırlar: "Bu vəziyyət tədricən gənclərin sosial təcrid olunmasına, özünəqapanmasına və emosional problemlərin yaranmasına səbəb olur. Digər tərəfdən, internetdən həddən artıq istifadə empati bacarığını zəiflədir. Gənclər qarşı tərəfi dinləmək, onun hisslərini anlamaq, üz-üzə ünsiyyət zamanı öz fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. Bu isə onların gələcəkdə ailə və peşə həyatında sağlam münasibətlər qurmasına mənfi təsir göstərə bilər. Psixoloqlar qeyd edirlər ki, internetdən balanslı istifadə bu problemin qarşısını almağın əsas yoludur. İnternet gənclərə həm təhsil, həm də ünsiyyət baxımından fayda verə bilər. Lakin bu istifadənin sərhədsiz və nəzarətsiz olması sosial münasibətlərin zəifləməsinə və gənclərin həyat keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Valideynlərin dəstəyi, sağlam ailə ünsiyyəti və gənclərin real sosial fəaliyyətlərə cəlb edilməsi bu asılılığın qarşısını almaqda mühüm rol oynayır.
Beləliklə, internet asılılığı yalnız fərdi psixoloji problem deyil, həm də gənclərin sosial münasibətlərinə, gələcək həyat bacarıqlarına və cəmiyyətə inteqrasiyasına təsir edən vacib bir amildir. Bu səbəbdən də hər bir gəncin internetdən düzgün istifadə etməyi öyrənməsi və balansı qoruması vacib hesab olunur".