"Uşaq əməyi cəmiyyətin gələcəyinə atılmış kölgədir" - MÜNASİBƏT BİLDİRİLDİ

19 Avqust 2025 10:07 (UTC+04:00)

"Uşaq əməyi bu gün cəmiyyətimizin qarşısında duran ən aktual sosial problemlərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

O bildirib ki, bir çox hallarda uşaqlar ailə vəziyyətinə görə yaşlarına uyğun olmayan sahələrdə işləməyə məcbur olurlar. Bu, onların fiziki və psixoloji inkişafına mənfi təsir göstərir və ən əsası, təhsildən yayınmalarına səbəb olur. Halbuki hər bir uşaq bizim gələcəyimizdir – gələcəyin əsgəri, müəllimi, həkimi, mühəndisidir. Buna görə uşaqların ən azı on bir illik orta məktəb təhsilini başa vurmaları vacibdir. Müasir dövrdə demək olar ki, bütün sahələrdə inkişaf, texnoloji yeniliklər və innovasiya var, belə bir dünyada təhsilsiz bir fərdin uğur qazanması olduqca çətindir.

Əlbəttə, uşaqları əməkdən tamamilə uzaq tutmaq da düzgün yanaşma deyil: "Yay tətillərində və ya boş vaxtlarında onların əməksevər olmaları, gələcəkdə ailə məsuliyyətini dərk etmələri və pul qazanmağın yollarını öyrənmələri üçün yüngül, nəzarətli və təhsilə mane olmayan işlərə cəlb olunması faydalı ola bilər. Lakin bu, istismar xarakteri daşımamalı və uşaqların hüquqlarını pozmamalıdır.

Uşaq əməyinin aradan qaldırılması üçün görülən tədbirlər həm dövlətin, həm də bütün cəmiyyətin üzərinə düşən bir məsuliyyətdir. Valideynlər, müəllimlər və ümumilikdə cəmiyyət maarifləndirilməli, uşaqların hüquqları və uşaq əməyinin fəsadları barədə məlumatlandırılmalıdır. Təhsil hər bir uşaq üçün əlçatan və keyfiyyətli olmalı, ailələrin maddi vəziyyəti zəif olsa belə, uşaqlar məktəb ləvazimatları, geyim və qida ilə təmin olunaraq təhsildən yayınmamalıdır. Aztəminatlı ailələrə sosial yardım gücləndirilməli, dövlət və qeyri-hökumət təşkilatları bu ailələri daim nəzarətdə saxlamalı və uşaqların işləməyə məcbur edilməsinin qarşısını almalıdır. Uşaq əməyini qadağan edən qanunlar yalnız mövcud olmaqla kifayətlənməməli, onların tətbiqi də ciddi şəkildə nəzarət altında saxlanılmalıdır. Uşaqlar üçün yay düşərgələri, könüllülük və təcrübə proqramları təşkil edilərək həm bacarıqları inkişaf etdirilməli, həm də əyləncəli öyrənmə mühiti yaradılmalıdır. Sosial yardımdan əlavə uşaq pulu verilməsi də vacibdir, çünki dövlətimizin maliyyə imkanları buna yol verir. UNICEF və digər qurumlarla birgə layihələr həyata keçirilməklə daha genişmiqyaslı tədbirlər görülə bilər.

Uşaq əməyi təkcə sosial problem deyil, həm də cəmiyyətin gələcəyinə atılmış kölgədir. Uşaqların sağlam, savadlı və məsuliyyətli fərdlər kimi yetişməsi üçün dövlət, cəmiyyət və ailə birlikdə çalışmalı, onlara təhsil və inkişaf üçün sağlam mühit yaratmalıdır. Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir və bu gələcək, bu gün atdığımız addımlardan asılıdır".