“Nəqliyyatda mədəni davranış hər kəsin borcudur" - MÜNASİBƏT BİLDİRİLDİ

18 Avqust 2025 12:00 (UTC+04:00)

"Hər bir xalq öz mədəniyyəti ilə tanınır və bütün dünya ölkələrində inkişaf səviyyəsi birbaşa mədəniyyətlə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında "YENİ HƏYAT" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

Onun sözlərinə görə, Azərbaycan mədəniyyəti hər zaman yüksəkdə dayanıb: "Xalqımız qədim dövrlərdən bu günə qədər dünya ölkələri arasında tolerantlığı və multikultural dəyərləri ilə seçilib, bu isə həm qonşu, həm də digər dövlətlər tərəfindən həmişə müsbət qarşılanıb.

Əgər biz ədəbiyyat, incəsənət, idman və digər sahələrdə özümüzü mədəni xalq kimi tanıda bilmişiksə, ölkə daxilində də bu mədəniyyəti inkişaf etdirməliyik. Hər sahənin – istər ticarət, istər idman, istərsə də digər fəaliyyət sahələrinin – özünəməxsus mədəniyyəti var. Vaxtilə atamdan eşitdiyim bir fikir var idi: “Ticarətdə də mədəniyyət olmalıdır.” Bu fikir bu gün daha da aktualdır, çünki müasir dünyada biznes rəqabəti belə bir mədəniyyəti tələb edir.

İnsanlarımız xaricə gedərkən necə davrandıqları ilə də Azərbaycan mədəniyyətini təmsil edirlər. Biz milli-mənəvi dəyərlərimizə həmişə mədəniyyət prizmasından yanaşmışıq və bu dəyərlərin qorunmasında xalqımızın mədəni inkişafı böyük rol oynayır. Hər insanın daxilində bir mədəniyyət var – bu, həm genetik, həm də yaşadığı mühitdən gələn bir dəyərdir. Həzrət Əlinin kəlamında deyildiyi kimi: “Uşaq valideynlərinə və cəmiyyətə bənzəyir.” Kitab oxumaq, film izləmək, ehtiyacı olana yardım etmək – bunların hamısı insanın daxili mədəniyyətindən qaynaqlanır.

İctimai nəqliyyatda davranış da daxili mədəniyyətin göstəricisidir. Bu davranış təhsil, ətraf mühit, işlədiyi sahə və digər amillərlə formalaşır. Ona görə də insanları daxili mədəniyyətin inkişafına çağırıram. Nəqliyyatda yaşlılara, uşaqlı və ya hamilə qadınlara yer vermək, diqqətli olmaq insanlığın əsas göstəricisidir. Əziz insanlarımız, gəlin bir-birimizə qarşı diqqətli və mədəni olaq, daxili mədəniyyətimizi bu kimi anlarda nümayiş etdirək.

Bəzən ictimai nəqliyyatda mənim də rastlaşdığım hallar olub və çalışmışam ki, özümü daxili mədəniyyət çərçivəsində idarə edim. Deyək ki, bir xanım ayaqüstə qalıb və mən onun hamilə olduğunu hiss etmişəm. Belə vəziyyətdə insanları başa salmağa çalışıram ki, bu xanıma yer vermək lazımdır. Eyni zamanda uşaqlara qarşı həssas olduğumdan, yaşından asılı olmayaraq ayağa qalxıram – istər uşaq anasının qucağında olsun, istərsə də yeriyən uşaq. Bəzən gənc qızlar, xüsusilə tələbələr, ictimai nəqliyyatda sıxılırlar. Yanlarında əks cinsdən bir nəfər olanda necə dayanacaqlarını, toxunmamaq üçün necə davranacaqlarını bilmirlər. Bu hallarda qızlara yer vermək vacibdir. Ümumiyyətlə, hər şey daxili mədəniyyətimizdən asılıdır. Bir-birimizə qarşı diqqətli olsaq, belə neqativ halların qarşısını almaq mümkündür".