Rusiya hamilə məktəbli qızlar üçün planı təsdiqləyib...

17 Avqust 2025 22:45 (UTC+04:00)

...Rusiya Federasiyasının Kaluqa vilayətinin hökuməti yaxın üç ildə erkən doğuşa görə 100 min rubl alacaq hamilə məktəbli qızların və tələbələrin sayının konkret göstəriciləri ilə bağlı planı təsdiqləyib. Səlahiyyətlilər proqramda ümumilikdə 396 qızın iştirak edəcəyini gözləyirlər. 4 avqust qərarına əsasən, 2025-ci ildə 123 hamilə tələbə regional ödənişlər alacaq, 2026-cı ildə onların sayı 130-a, 2027-ci ildə isə 143-ə yüksəlməlidir. Beləliklə, gənc analara dəstək üçün demək olar ki, 40 milyon rubl ayrılacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Moscow Times yazır.

Deməli, Kaluqa vilayətinin hakimiyyət orqanları 2024-cü ilin sonunda hamilə məktəbli qızlar və əyani təhsil alan tələbələr üçün ödənişlər tətbiq edib.

Oxşar tədbirlər ən azı yeddi başqa regionda da tətbiq olunur: Bryansk, Voronej, Kemerovo, Oryol və Tver vilayətləri, Altay diyarı və Çuvaşiyada...

Erkən doğum üçün təşviqin məbləği 100 ilə 150 min rubl arasında dəyişir.

...Faridaily mənbələri xəbər verir ki, hökumətin bütün sosial bloku, o cümlədən baş nazirin müavini Tatyana Qolikova və əmək və əhalinin sosial müdafiəsi naziri Anton Kotyakov məktəbli qızların proqrama daxil edilməsinə qarşı çıxıblar. Nazirlər Kabineti xəbərdarlıq edib ki, belə bir yanaşma tək anaların sayının artmasına, yoxsulluğun və işsizliyin artmasına, cinayətlərin artmasına və cinsi yolla keçən xəstəliklərin yayılmasına səbəb ola bilər.

Bununla bağlı prezident administrasiyasına məktəblərdə hamiləliyi təşviq edən regional təşəbbüslərin dayandırılması xahişi ilə memorandum göndərilib.

Yerli hakimiyyətin təşəbbüsü Dövlət Dumasının sədri Nina Ostaninanın rəhbərlik etdiyi Ailənin Müdafiəsi Komitəsi tərəfindən də tənqid edilib.

Deputatlar məktəbli qızlara verilən ödənişlərin uzadılmasını “ənənəvi dəyərlərə” zidd olan “erkən doğuşun təbliğatı” hesab ediblər. Bu arada Rusiyada demoqrafik vəziyyət pisləşməkdə davam edir.

Rosstatın məlumatına görə, may ayında ümumi doğum əmsalı (bir qadına düşən uşaqların orta sayı) 1,376-ya düşüb ki, bu da 2006-cı ildən bəri ən aşağı göstəricidir.

2024-cü ildə 1,222 milyon körpə doğulub ki, bu da 1999-cu ildən bəri ən aşağı göstəricidir.

Yanvar-mart aylarında doğulanların sayı daha 11,5 min nəfər azalaraq 288,8 minə düşüb.

Demoqraf Aleksey Rakşanın qeyd etdiyi kimi, 2025-ci ilin birinci rübü “18-19-cu əsrlərin əvvəlindən bəri antirekord vurdu”.

Bundan sonra Rosstat ətraflı demoqrafik məlumatları dərc etməyi dayandırdı. İyulda isə əhalinin sayı və təbii artımı, doğum və ölüm sayı, nikah və boşanma, eləcə də miqrasiya ilə bağlı bütün statistik məlumatları bağlayıb.

Əli Babayev