Qazaxda “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri mükafatlandırılıb

15 Avqust 2025 20:28 (UTC+04:00)

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Qazax rayonunda Heydər Əliyev Mərkəzinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin birgə təşkilatçılığı ilə mədəniyyət müəssisələrinin əməkdaşları arasında keçirilmiş “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Mərkəzin direktoru Ceyhunə Hüseynova Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı islahatların əsasını təşkil etdiyini söyləyib. O bildirib ki, bu sənəd dövlətin hüquqi əsaslarını müəyyən edərək dövlət idarəçiliyinin prinsiplərini, vətəndaş hüquq və azadlıqlarını və qanunun aliliyini təsbit edib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu Sərəncam tarixi Zəfərimizin regionda və dünya siyasətində yol açmasında əsaslı rol oynayır. Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi tarixi torpaqlarımızın işğaldan azad edilməsi olub. Azərbaycan xalqı bu gün müstəqil, suveren, qalib dövlətə sahibdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti və xalqımızın birliyi sayəsində ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub. Bütün ölkə ərazisində konstitusiya quruluşu bərqərar edilib. Otuz ilə yaxın işğal altında qalan əzəli Azərbaycan torpaqlarının azad edilməsi hər bir azərbaycanlını qürurlandırır, xalqımızın qüdrətini, gücünü, yenilməzliyini bir daha bütün dünyaya nümayiş etdirir.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanov çıxış edərək Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində suverenliyimizin bərpasından danışıb. O vurğulayıb ki, bu gün müstəqil, suveren Azərbaycan dövləti inkişafının yeni mərhələsindədir. Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən bir sıra irimiqyaslı layihələr eyni zamanda, regionun təhlükəsizliyinə və iqtisadi inkişafına töhfə verir. Azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq, bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.

Sonda münsiflər heyəti tərəfindən I yerə layiq görülmüş Qazax Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxuculara xidmət şöbəsinin mütəxəssisi Nərmin Musayeva, II yerin sahibi Qazax rayon M.P.Vaqifin və M.V.Vidadinin Xatirə muzeyinin kiçik elmi işçisi Esmira Qəribova, III yerin sahibi Qazax rayon Aslanbəyli kənd folklor evinin müdiri Qənirə İsmayılova müsabiqəyə təqdim etdikləri məqalələrini oxuyublar.

Qaliblərə və məqalələri fərqləndirilmiş digər iştirakçılara Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin fəxri fərmanları və hədiyyələri təqdim olunub.