"Vaşinqtonda baş tutan görüş Prezident İlham Əliyevin uzaqgörən diplomatik addımlarının nəticəsidir" - RƏY BİLDİRİLDİ

15 Avqust 2025 17:20 (UTC+04:00)

"Prezident İlham Əliyevin sülh təşəbbüsləri bütövlükdə strateji xarakter daşıyır".Bunu SİA-ya açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

“İkinci Qarabağ müharibəsində tarixi qələbədən sonra imzalanan üçtərəfli bəyanatda Rusiya əsas vasitəçi rolunda çıxış edirdi. Sonradan bu prosesə Avropa İttifaqı da qoşulmaq istədi. Lakin həm Rusiya, həm də Aİ öz geosiyasi maraqlarını ön planda tutduqları üçün onların vasitəçiliyi Cənubi Qafqazda dayanıqlı sülhün təmininə zəmanət verə bilmədi. Məhz bu səbəbdən Azərbaycan Prezidenti strateji qərar qəbul edərək vasitəçilərsiz, birbaşa Bakı-İrəvan təmaslarını önə çıxardı və bu da prosesə yeni dinamika gətirdi.

Vaşinqtonda baş tutan görüş Prezident İlham Əliyevin dəqiq və uzaqgörən diplomatik addımlarının nəticəsidir. ABŞ sülh prosesində təşəbbüskar vasitəçiyə çevrildi və bu, Cənubi Qafqaz üçün strateji dönüş nöqtəsi oldu. Hazırda prosesin əsas əngəllərindən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalardır. Ermənistan bu maddələri ləğv etməlidir ki, yekun sülh müqaviləsinin imzalanması mümkün olsun.

Təəssüf ki, Ermənistan daxilindəki siyasi çəkişmələr və qarşıdan gələn parlament seçkiləri Paşinyan hökumətinin qərar verməsini çətinləşdirir. Digər tərəfdən, Rusiyanın Ermənistandakı təsir imkanlarını artırmaq cəhdləri də vəziyyəti mürəkkəbləşdirir. Paşinyan hökuməti bu geosiyasi təzyiqlərə baxmayaraq, qətiyyətli olmalı və Azərbaycanla əldə olunmuş razılaşmaların icrasına başlamalıdır.

Əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına və sülh müqaviləsinə doğru real addımlar atarsa, bu, regionda iqtisadi və siyasi sabitliyə xidmət edəcək. Əks halda, prosesin ləngiməsi həm Ermənistanın inkişafını ləngidəcək, həm də Vaşinqton görüşündə iştirak etmiş, sənədlərə imza atmış ABŞ Prezidenti Donald Trampın nüfuzuna xələl gətirəcək. Azərbaycan Prezidenti də bu məqamı xüsusi vurğulayaraq prosesin uzadılmasının artıq yolverilməz olduğunu bildirib”.

Elçin Xalidbəylinin sözlərinə görə, Ermənistan qarşısında iki yol var – ya sülh və inkişaf, ya da yenidən təcrid və xaos. Seçim İrəvanın öz əlindədir.