Ermənistan pravoslav kilsəsində parçalanma ehtimalını açıqlayıb...

15 Avqust 2025 22:15 (UTC+04:00)

Ukraynada olduğu kimi Ermənistanda da pravoslav kilsəsində parçalanma baş verə bilər.

SİA-nın məlumatına görə, bu barədə Rusiyanən televiziya kanalına müsahibəsində erməni politoloq Xaçik Qalstyan deyib.

O qeyd edib ki, son aylarda Ermənistan hökuməti Erməni Apostol Kilsəsinə və onun rəhbəri II Qareginə qarşı “müharibə” elan edib.

Eyni zamanda, politoloqun fikrincə, bu hücumlar Konstitusiyanın, siyasi, hüquqi və əxlaqi normaların kobud şəkildə pozulması ilə həyata keçirilir.

...Katolikosun istefasına gəlincə, əgər katolikos özü taxt-tacdan əl çəkməsə, onun devrilməsi mümkün deyil. Mən bilirəm və əminəm ki, katolikos belə bir addım atmayacaq, ona görə də hökumət ancaq şizmatik siyasət apara bilər.

...Keçmiş prezident Pyotr Poroşenko və xüsusən də Vladimir Zelenskinin dövründə Pravoslav Kilsəsinin bir neçə qola ayrıldığı Ukraynada olduğu kimi, eyni proses Ermənistanda da təkrarlana bilər.

Bunu Qalstyan bildirib. O, bu ssenarini “ən ehtimal” adlandırıb, çünki Ermənistan və Ukrayna hökumətlərinin kuratorları postsovet məkanına keçid proseslərini bir mərkəzdən idarə edirlər.

Xatırladaq ki, Ermənistan hakimiyyəti ilə kilsə arasında münasibətlər respublikanın baş naziri Nikol Paşinyanın Erməni Apostol Kilsəsinə ünvanladığı təhqiramiz yazılarından sonra pisləşib.

Daha sonra siyasətçi bütün ermənilərin katolikosunun seçilməsi prosedurunun dəyişdirilməsini və burada “Ermənistan Respublikasının həlledici rolunun” təsbit edilməsini də təklif edib.

Əli Babayev