“Tibbdə “normal çəki” dedikdə, körpənin doğulduğu həftəyə uyğun orta bədən çəkisi nəzərdə tutulur. Əgər körpə hamiləliyin 38-ci həftəsində doğulursa və çəkisi təxminən 2 600 qram – 3 600 qram arasında olarsa, bu, həm normal çəkili, həm də vaxtında doğulmuş uşaq hesab edilir”. Bu sözləri SİA-ya açıqlamasında ixtisaslaşmış həkim, mama-ginekoloq Nailə Əzizova deyib.
Nailə Əzizova sözlərinə belə davam edib: “Bəzi hallarda körpə vaxtında doğulsa da, çəkisi 3 600 qramdan artıq ola bilər. Bu hal tibbdə makrosomiya (iri döl) adlanır və müxtəlif səbəblərlə əlaqədar ola bilər:
1. Genetik faktorlar: Ana və ya atanın bədən quruluşu iri olduqda, genetik irsiyyət nəticəsində körpə də daha iri çəkili doğula bilər.
2. Şəkərli diabet və gestasion diabet: Hamiləlik zamanı qan şəkərinin yüksək olması, dölün həddindən artıq çəki yığmasına səbəb ola bilər.
İri çəkili körpənin doğulmasının mümkün riskləri:
• Doğuş zamanı çanaq–döl ölçülərinin uyğunsuzluğu, doğuşun çətinləşməsi;
• Təbii doğuş prosesində travma və ya çətinliklər;
• Keysəriyyə əməliyyatlarının daha çox tələb olunması;
• Doğuşdan sonra anada qanaxma riskinin artması.
Hamiləlik müddətində qadın mütəmadi antenatal müayinələrə qatılmalı, həkimlər dölün təxmini çəkisini ultrasəs müayinəsi və kliniki ölçmələrlə nəzarətdə saxlamalıdırlar. Ana öz çəki artımını da diqqətdə saxlamalı, əgər iri çəkinin səbəbi qidalanma ilə bağlıdırsa, pəhriz tənzimlənməli, şəkərli diabet və ya gestasion diabet hallarında isə qan şəkəri səviyyəsi mütləq nəzarətdə olmalıdır”.
Ayşən Vəli