"ABŞ-da keçirilən görüş və Azərbaycan Prezidentinin bu görüş çərçivəsində imzaladığı sənədlər əldə olunan ən böyük uğurlardan biridir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
O bildirib ki, bu, Prezident İlham Əliyevin növbəti tarixi zəfərlərindən və diplomatik qələbələrindən biridir və bütün dünyada xüsusi diqqət və rəğbətlə qarşılanan siyasi addım idi.
Azərbaycan uzun illərdir ki, Cənubi Qafqazda dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün mühüm töhfələr verib və ciddi addımlar atıb: "Nəhayət, Azərbaycanın israrlı siyasəti, qətiyyətli və sərt mövqeyi nəticəsində dünyanın bir nömrəli siyasi mərkəzində — ABŞ-da, xüsusilə də Prezident Donald Trampın şahidliyi ilə belə bir uğura imza atıldı. Bu, Cənubi Qafqazda dayanıqlı sülhə doğru böyük bir addımdır.
Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar xüsusi qeyd olunmalıdır. Bu reallıqlar dünyada rəğbətlə və hörmətlə qarşılanır və Azərbaycanın siyasi iradəsi sayəsində mümkün olub. Əlbəttə ki, bu yolda Azərbaycana qarşı çıxan beynəlxalq dairələr də olub. Onlar bölgədə vəziyyəti gərginləşdirmək və sülh prosesinə mane olmaq istəyiblər və bu cəhdlər hələ də davam edir. Lakin Azərbaycan bütün bu təzyiqləri dəf edib və böyük bir siyasi uğura nail olub.
Təbii ki, yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması da baş tutacaq. Ermənistan artıq bu istiqamətdə konstitusiya dəyişikliyi ilə bağlı öhdəlik götürüb. Gözlənilir ki, yaxın aylarda bu dəyişikliklər həyata keçirildikdən sonra sülh müqaviləsinə imza atılacaq".