"Qonşuluq münasibətləri həmişə olub və olacaq. Sadəcə olaraq bu münasibətlərin forması dəyişir, çünki həyatımıza texnologiyalar daxil olur. Bugünkü dövrdə insanlar daha çox onlayn ünsiyyətə üstünlük verirlər və ünsiyyət ehtiyaclarını internet vasitəsilə qarşılayırlar". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
Onun sözlərinə görə, artıq əvvəlki kimi canlı qonşuluq münasibətlərini təsəvvür etmək bir qədər çətindir: "Çünki bu gün bir insan eyni zamanda dünyanın istənilən nöqtəsindəki digər insanlarla ünsiyyət qurmaq imkanına malikdir. İnternet və rəqəmsal resurslar buna şərait yaradır. Hətta ailə daxilində, yaxın qohumlar və dostlar arasında belə, insanlar daha çox smart cihazlarla ünsiyyət qururlar, nəinki bir-biri ilə üz-üzə söhbət edirlər. Bu isə artıq innovativ dəyişikliklərin, rəqəmsal cəmiyyətin, 4-cü sənaye inqilabının nəticəsidir. Əvvəllər qonşuluq münasibətləri birbaşa təmas üzərində qurulurdu. İnsanlar bir-birinə gedib gəlir, yardım edir, hal-əhval tuturdular. O dövrdə internet, telekommunikasiya, mobil texnologiyalar yox idi. İndi isə, məsələn, ailə süfrəsi ətrafında birgə yemək yemək ənənəsi belə get-gedə aradan qalxır. İnsanlar səhər və axşam yeməklərini kafe və restoranlarda yeməyə üstünlük verirlər.
Amma bütün bunlara baxmayaraq, qonşuluq münasibətləri hələ də mövcuddur və mövcud olacaq. Qonşunu dəyişmək asan deyil. Məşhur deyimdə deyildiyi kimi: “Pis qonşudan köç qurtarar, yaxşı qonşu isə əvəzolunmazdır.” Yəni, yaxşı qonşu hər zaman dəyərlidir. Nəticə olaraq, qonşuluq münasibətləri dəyişsə də, tamamilə itməyib. Onun forması və məzmunu dəyişir, lakin mahiyyəti qalır. İnsan nə qədər texnologiya ilə yaşasa da, insani təmaslara və yaxın ünsiyyətə ehtiyacı var. Və bu ehtiyac da qonşuluq münasibətlərində özünü göstərir".