Avqustun 8-də Vaşinqitonda baş tutan yüksək səviyyəli görüş və imzalanan çox əhəmiyyətli sənədlər Azərbaycanın gücünə yeni güc qatdı. Həm də bu görüş Cənubi Qafqazın siyasi mənzərəsini dəyişmiş oldu. Artıq bölgədə müxtəlif pozucu, təxribatçı qüvvələrə yer olmayacaq və region sabitlik adasına çevriləcək. Haqlı olaraq mövcud vəziyyətin dəyişməsinin əsas müəllifinin Azərbaycan olduğu qeyd olunur. Bildirilir ki, 44 günlük Vətən Müharibəsində Azərbaycanın 30 illik erməni işğalına son qoyması regionda yeni reallıqlar yaratdı. Bu baxımdan Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq. Fəxr edirik ki, uğurlarımızın təməlində xalq-iqtidar birliyi dayanır və 44 günlük Vətən Müharibəsində bu birlik daha da bərkiyərək dəmir yumruğa çevrildi.
Bu bir reallıqdır ki, parlaq hərbi qələbəyə qədər çox gözləməli olduq. Xalq səbirsiz olsa da, hakimiyyət təmkinini qoruyub saxlaya bildi. Çünki dövlət başçısı nəyi, neçə və nə zaman etməyi çox yaxşı bilirdi.
Təəssüflər olsun ki, atəşkəs dövründə belə Ermənistanın təxribatları nəticəsində onlarla insanımız şəhidlik zirvəsinə yüksəldi. Ötən əsrin 90-cı illərində Ermənistan xarici havadarlarının hərbi, siyasi, maliyyə dəstəyi ilə Azərbaycanın 20 faiz torpaqlarımız işğal edildi və 1 milyona yaxın insanı ev-eşiyindən didərgin salındı. 30 ilə yaxın atəşkəs rejimində yaşasaq da, Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Bu müddət ərzində, cəbhədə dəfələrlə atəşkəs rejimi pozulub. İşğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayaraq, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət verməyib. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən 4 qətnamə qəbul etsə də, Ermənistan bu qərarlara əhəmiyyət verməyib. Bununla yanaşı, AŞPA, ATƏT, İslam Konfransı Təşkilatı, NATO-nun Parlament Assambleyası Ermənistanın işğalçılıq siyasətini kəskin pisləyən bəyanatlar qəbul ediblər. Müxtəlif beynəlxalq təşkilatlarda, ayrı-ayrı ölkələrdə danışıqlar aparılsa da, bu danışıqlar nəticəsiz qaldı. Çünki Ermənistanın arxasında böyük güclər dayandığından iddialı idi, beynəlxalq təşkilatların qətnamələrini icra etmək istəmirdi. Təbii ki, sonsuza qədər danışıqlar aparıla bilməzdi. Bir gün status-kvo dəyişməli idi və belə də oldu.
Qisas qiyamətə qalmadı
Vaxtın yetişdiyi məqamda qisas günü başladı. 2020-ci il sentyabrın 27 - də Xalq-Hakimiyyət-Ordu bir araya gəlib, yağı düşmənə qarşı mübarizəyə başladı. Bu möhkəm əsaslara söykənən birlik nəticəsində cəmi 4 gün ərzində Ermənistan ordusu darmadağın edildi, hərbi silah sursatı, texnikası sıradan çıxarıldı. 44 günlük Vətən Müharibəsi ilə Ermənistan dövlət müstəqilliyini tamamilə itirmək dilemması qarşısında qaldı. Lakin yenə də himayədarları son məqamda Ermənistanın dadına çatıb, məhv olmaqdan xilas etdi.
Azərbaycanın döyüş meydanında qazandığı parlaq qələbə uzun əsrlər hərb tarixində mövcudluğunu qoruyub, saxlayacaq. Xarici ölkələrin hər bir döyüşən əsgər və zabitləri Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənin sirlərini öyrənməyə çalışacaqlar. Bu böyük qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək gücündədir. Həm də Azərbaycan hərb meydanında düşmənə layiq olduğu yerini göstərməklə bərabər bir daha sübut etdi ki, bizi öz haqq işimizdən heç bir qüvvə çəkindirə bilməz.
Döyüş meydanında qazanılan qələbə siyasi müstəvidə də əldə olundu
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qısa müddətdə qələbənin əldə olunması ilə bağlı demişdir: “Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq".
Söz yox ki, parlaq hərbi, siyasi, diplomatik qələbələrimizin təməli sentyabrın 27-də qoyulsa da Şuşanın azad edilməsi ilə düşmənə ən böyük sarsıdıcı zərbəni vurmuş olduq. Birmənalı şəkil də demək olar ki, 8 noyabr 2020-ci il də Şuşanın azad edilməsi ilə Qarabağımız qovuşduq. Bu Böyük Qələbə ilə Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür. Məhz Şuşanın azad edilməsindən sonra Ermənistan diz çöküb, ağ bayraq qaldırmağa məcbur oldu. Bu baxımdan həm də, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsidir. Noyabrın 10-da şanlı qələbəmizin təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması müjdəsini xalqa çatdırarkən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır: “30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik…Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi» söyləyən dövlətimizin başçısı İlham Əliyev bu fikirlərin davamı olaraq bildirmişdir ki, “Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!”
Haqqımız olan qələbə qazanıldı
Noyabrın 10-da dostları sevindirib, düşmənləri xar edən qələbə paradı keçirildi. Bu parad həm də işğal altında olmuş torpaqlarımızın 30 il həsrətində olduğu Qələbə paradı oldu. “Azadlıq” meydanında keçirilən Qələbə Paradında 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Parada, həmçinin, Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu. Qürurverici məqamlardan biri də ondan ibarət idi ki, müharibənin ilk günüdən ürəyi, qəlbi Qarabağla döyünən qardaş Türkiyənin hakimiyyəti, xüsusilə də Prezident Rəcəb Tayyib Ərdoğan Qələbə Paradında da Azərbaycanla birlikdə oldu.
Qələbə Paradı Azərbaycan Silahlı Qüvvələrinin tarixinə, hərb tariximizə yaddaşlardan silinməyəcək şanlı bir səhifə kimi yazılmaqla yanaşı, həm də zamanında Ermənistana pay olaraq verilən Zəngəzurun, Göyçənin, İrəvanın Böyük Azərbaycan torpaqlarına qatılmasına işartı olacaq. Prezident, Ali Baş Komandan İlham Əliyevin Qələbə Paradında dediyi fikirlərdə ümidləri artırır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Qələbə Paradında Zəngəzurun, Göyçənin, İrəvan mahalının bizim tarixi torpaqlarımız olduğunu bildirdi: “Azərbaycan 30 ilə yaxın işğal altında yaşayırdı. 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olub. Əslində, Ermənistanın aqresiv təcavüzkar siyasəti hələ 80-ci illərin sonlarından başlamışdır. O vaxt indiki Ermənistan respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb”.
Əminliklə demək olar ki, qələbələrimiz və uğurlarımız hələ qabaqdadır. Avqustun 8-də Vaşinqtonda baş tutan üçtərəfli görüş və imzalanan sənədlər, yayılan Birgə Bəyannamə onu deməyə əsas verir ki, yaxın vaxtlarda Tramp yolu da ( Zəngəzur dəhliz) açılacaq. Bununla da, Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqə təmin olunacaq. Bu olmalı idi. Çünki Prezidentimiz, Fateh Sərkərdə dəfələrlə çıxışlarında bildirmişdir ki, Zəngəzur dəhlizi mütləq açılacaq. Budur, artıq deyilən fikir reallaşır. Bu yerdə Ali Baş Komandan, Prezident İlham Əliyevin dillər əzbəri olan tarixi fikri yada düşür: “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”.
İLHAM ƏLİYEV