600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

14 Avqust 2025 17:44 (UTC+04:00)

Ali təhsil müəssisələrinə qəbul imtahanında III ixtisas qrupunun DT altqrupu üzrə 1005 nəfər, TC altqrupu üzrə 9 nəfər 600 və daha çox bal toplayıb.

SİA-nın məlumatına görə, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan nəticələrinə əsasən III ixtisas qrupunun DT altqrupu üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 19 min 995, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 24 min 87abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. III ixtisas qrupunun TC altqrupu üzrə isə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 4881, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 7620 abituriyent müsabiqədə iştirak hüququ əldə edib.

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin III ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 863, rus bölməsi üzrə 1520 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2200 yer olmaqla, III ixtisas qrupu üzrə ümumilikdə 15 min 583 yer ayrılıb. Bu yerlərdən 4163-nə qəbul dövlət sifarişi əsasında aparılır.

III ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə DT altqrupunda ümumilikdə 13 min 558 plan yeri (o cümlədən Azərbaycan bölməsində 10 min 538, rus bölməsində 1245, hər iki bölmənin birgə müsabiqəsi üzrə 1775) var. DT altqrupunda dövlət sifarişi əsasında 3953 plan yeri var.

TC altqrupu üzrə ümumilikdə 2025 plan yeri (o cümlədən Azərbaycan bölməsində 1325, rus bölməsində 275, hər iki bölmənin birgə müsabiqəsi üzrə 425) mövcuddur. TC altqrupunda dövlət sifarişi əsasında 210 plan yeri ayrılıb.