"Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair Dövlət Proqramı” 16 noyabr 2022-ci ildə qəbul edilib". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov deyib.
O bildirib ki, bu proqram, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılması nəticəsində yaranmış ağır fəsadların aradan qaldırılmasını hədəfləyir: "Proqram, həmin ərazilərdə infrastrukturun bərpası və yaxşılaşdırılması, yaşayış məntəqələrinin və şəhərlərin yenidən qurulması, məhv edilmiş mədəni irsimizin restavrasiyası, talan olunmuş təbii sərvətlərin bərpası və zərər çəkmiş iqtisadiyyatın dirçəldilməsi kimi mühüm məsələləri əhatə edir. Bu kontekstdə ən vacib məqam isə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma yurdlarına qayıdışının təmin olunmasıdır.
Ermənistanın 30 il ərzində törətdiyi müxtəlif təxribatlar, həm ölkəmizin iqtisadiyyatına böyük zərbə vurmuş, həm də insanlarımızın öz doğma ocaqlarından didərgin düşməsinə səbəb olmuşdur. Bu problemi aradan qaldırmaq üçün dövlət başçısı və hökumət müxtəlif layihələr həyata keçirir və bu layihələrin ən böyüyü məhz Böyük Qayıdış proqramıdır. Proqram həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir və bu ərazilərdə dayanıqlı məskunlaşmanı, iqtisadi aktivliyin artmasını və yüksək inkişaf səviyyəsinə çatmağı hədəfləyir. Layihə, Azərbaycan Respublikasının milli prioritetləri çərçivəsində 2030-cu ilə qədər strateji istiqamətlərin əsas hədəflərindən biri kimi müəyyən edilib.
Bu prosesin davamlı və uzunmüddətli olması üçün siyasi və təhlükəsizlik çağırışları da nəzərə alınmalıdır. Gələcəkdə hər hansı yeni münaqişənin qarşısının alınması, Ermənistanın sərhəd bölgələrində revanşist qüvvələrin təhlükə yaratmaması üçün təminatların əldə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın qəti mövqeyi və diplomatik səyləri bu məsələdə həlledici rol oynayır. Gözlənilir ki, yaxın günlərdə imzalanacaq sülh müqaviləsi tərəflərin qarşılıqlı olaraq ərazi iddialarından imtina etməsini təmin edəcək və Ermənistan konstitusiyasının dəyişdirilməsi bu istiqamətdə atılacaq ilk addımlardan biri olacaq.
Böyük Qayıdış proqramı həm də ölkəmizin daxili və xarici siyasət uğurlarının tərkib hissəsi kimi çıxış edir. Təkcə 2022-ci ildə bu məqsədlə dövlət büdcəsindən 4,3 milyard manat vəsait ayrılmış, sonrakı illərdə isə bu rəqəm 5 milyarda yaxınlaşmışdır. Müxtəlif kənd və qəsəbələrdə bərpa işləri, ailələrin köçürülməsi və infrastrukturun tam nəzarət altında yenidən qurulması davam etdirilir. Proqram, 2026-cı ilə qədər uzunmüddətli dayanıqlılığı təmin etməyi, regiona yeni idarəetmə modelinin tətbiqini və sosial-iqtisadi islahatların nəticələrinin daha səmərəli göstərilməsini nəzərdə tutur.
Davamlı inkişaf üçün xarici şirkətlərin regionda fəaliyyət göstərməsi, agroparkların və iqtisadi zonaların yaradılması, eləcə də yaşıl enerji layihələrinin daha sürətlə tətbiqi xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar Böyük Qayıdış proqramının həm milli maraqlara, həm də beynəlxalq təhlükəsizliyə uyğun şəkildə uğurla həyata keçirildiyini göstərir".