Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə Vaşinqton görüşünü müzakirə edib

14 Avqust 2025 13:50 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Baş nazirin müavini, xarici işlər naziri Murat Nurtleu telefon danışığı zamanı Vaşinqton görüşünü müzakirə edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qazaxıstanın xarici işlər naziri Azərbaycan Prezidentinin ABŞ-yə səfəri zamanı Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. İmzalanmış sənədlərin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Nazirlər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib, iki ölkə arasında baş tutan ali və yüksək səviyyəli təmas və səfərlərin əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıblar.

Azərbaycan və Qazaxıstanın üzv olduqları regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, yaxın aylarda keçiriləcək tədbirlərə hazırlıq məsələləri müzakirə olunub.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.