"Nəqliyyatın ekoloji təsiri böyükdür" - ŞƏRH EDİLDİ

14 Avqust 2025 12:28 (UTC+04:00)

"Bugünkü günü nəqliyyat vasitələrinin ekoloji təsiri həqiqətən də çox böyükdür. Məsələn, Bakı şəhərinə kənardan baxanda görürük ki, şəhər sanki tüstü içindədir. Amma şəhərin içində olan insanlar bunu o qədər də hiss etmirlər. Bu, o qədər yayılıb ki, artıq adi bir hal kimi qəbul olunur". Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, artıq elektrikli nəqliyyata keçid başlayıb: "Məsələn, elektrikli avtobuslar Bakıya gətirilib və istifadəyə başlanılıb. Bu, ekoloji baxımdan çox önəmlidir. Həmçinin elektrik və hibrid avtomobillərin ölkəyə gətirilməsi də bu sahədə atılan mühüm addımlardandır.

İnsanların avtomobilə olan həvəsi də bu problemi artırır. Məsələn, bir ailədə üç nəfərin hər birinin ayrı-ayrı avtomobili var. Bu, həm tıxaclara, həm də havanın çirklənməsinə səbəb olur. Bu baxımdan şəhərdə avtomobil sayını azaltmaq vacibdir. Xüsusilə də iri və yük avtomobillərinin şəhərə girişinə məhdudiyyət qoyulmalıdır. Yük maşınlarının çıxardığı tüstü insanı boğur – bu, real problemdir. Bu baxımdan yük maşınlarının girişlərini müəyyən saatlarda ümumiyyətlə qadağan etmək lazımdır ki, onların şəhərə girişi azalsın.

Digər tərəfdən, maarifləndirmə işi aparılmalıdır. İnsanlar anlamalıdır ki, bu şəhərdə özləri yaşayırlar və ekoloji problemlər onların sağlamlığına təsir edir. Şəxsi avtomobillərdənsə, ictimai nəqliyyatdan istifadə etmək daha səmərəli və çevikdir.

Hazırda metro stansiyaları artırılır, elektrik qatarlarının hərəkət intensivliyi yüksəlir. Bu imkanlardan istifadə etmək daha məqsədəuyğundur. Məsələn, mən özüm taksiyə minəndə çox vaxt tıxacda qalıram. Amma metro və ya avtobusla daha tez gedəcəyim yerə çatıram.Təəssüf ki, insanlar hələ də şəxsi avtomobilin rahat olduğunu düşünürlər. Amma əslində həm vaxt itkisi, həm əsəb, həm də ekologiyaya zərər verir.

Sonda onu qeyd edim ki, insanlar daha çox ictimai nəqliyyatdan – metro, avtobus və digər alternativ vasitələrdən istifadə etməlidirlər. Hətta elektrikli avtomobillər də bəzən yanacağa ehtiyac duyur. Amma ictimai nəqliyyat ekoloji cəhətdən daha əlverişlidir".