“08.08.2025-ci il ölkəmiz və regionumuz, əminəm dünya üçün də çox bir vacib və tarixi əhəmiyyət kəsb edir. Üçtərəfli görüşü, həm Azərbaycanın, həm Ermənistanın, həm də bütövlükdə Cənubi Qafqazın tarixi, gələcək taleyi baxımından mühüm dönüş nöqtəsi və regionda davamlı və dayanıqlı sülhün təmin olunması istiqamətində olduqca mühüm hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli deyib.
Əhməd Abbasbəyli sözlərinə belə davam edib: “Qəbul ediımiş sənədlər özündə tərəflər arasında diplomatik münasibətlərin bərpasını, ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət prinsipləri əsasında əməkdaşlığın inkişaf etdirilməsini, həmçinin kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin bərpasını ehtiva edir. Bu həm də Azərbaycan xarici siyasətinin, diplomatiyasının qələbəsidir. Dünən Azərbaycanla təzyiq dilində danışmağa çalışanlar, bu gün reallığı qəbul etmək məcburiyyətindədirlər. Artıq informasiya məkanında, dünya mətbu orqanlarında, analitiklərin açıqlamalarında bu görüşlə bağlı pozotiv fikirlər, rəylər yayılır, bu hadisənin regionda davamlı sülhə xidmət etdiyi bildirilir.
Təəssüf ki, bu hadisədən pəriçan olanlar, qarnına ağrı dolanlar da oldu. Hələ, sözüm əsl mənasında tarixi sənədlərin, necə deyərlər, “mürəkkəbi qurumamış” həm şimaldan, həm də cənubdan, həmin dairələrin maraqlarına və mənəviyyatlarına uyğun olan, qarayaxmalar, təhdidlər səslənməyə başlandı, Nəinki Azərbaycanın, həmçinin regionun maraqlarına, qlobal mənada isə beynəlxalq sülh və təhlükəsizlik prinsiplərinə zidd olan müxtəlif bəyanatlara start verildi. Əslində regionda vəziyyəti gərginləşdirmək, “bulanlıq suda balıq tutmaq” və “tökülən qanlar bahasına varlanmaq” istəyən əxlaqsız, insanlıqdanuzaq siyasətçilərin, manipulyasiyaları, siyasi hoqqabazlıqları gözlənilən idi.
Amma, Azərbaycan xainləri, bədxahları yaxşı tanıyır, dövlətimizin uğurlarını və regionda sabitliyi və əmin-amanlığı gözü götürməyənlərə, bu qəbildən olan viruslara, zəhərlərə qarşı, uzun illərin təcrübəsindən qazanılmış immunitetə malikdir. Bu mənada, perspekivdə Ermənistanın özünü necə aparması çox vacibdir və nə qədər tez addımlar atsa, öz xeyrinə olacaq. Əgər Ermənistan siyasi rəhbərliyi daxili və xarici təzyiqlərə tab gətirə bilsə, siyasi əxlaq nümayiş etdirərək, verdiyi sözə və imzasına hörmət etsə, təhdidlərə cavab verməyə cəsarəti çatsa onda bu razılaşma sülh müqaviləsi ilə nəticələnəcək.
Məlumdur ki, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistanın Konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir. İnanırıq ki. Ermənistan tərəfi bu məsələni yubatmayacaq, şərtə qeyd-şərtsiz əməl edəcək və “Sülh müqaviləsi” yekin sənəd kimi imzalanacaq və hər iki dövlət tərəfindən ratifikasiya olunacaq. Əks təqdirdə bu, Ermənistanın, onun siyasi rəhbərliyinin beynəlxalq imicinə, nüfuzuna mənfi təsir edəcək, bu həmçinin ilk növbədə, onun ABŞ-a və şəxsən Prezident Trampa hörmətsizlik olacaq və Ermənistan dövlətinin gələcək taleyini sual altında qoya bilər”.
Ayşən Vəli