"Zəngəzur dəhlizi (Tramp yolu) regionun yeni geosiyasi mərhələsini başlayır" -SİYASİ EKSPERT ŞƏRH ETDİ

13 Avqust 2025 11:40 (UTC+04:00)

"Zəngəzur dəhlizi (Tramp yolu) layihəsinin reallaşması təkcə regionun nəqliyyat və logistika xəritəsini dəyişmir, eyni zamanda geosiyasi qüvvələr balansında da yeni mərhələ açır. ABŞ- prezidenti Donald Trampın bu prosesdə oynadığı vasitəçilik və təşəbbüskarlıq rolu, onun Nobel Sülh Mükafatına layiq namizəd kimi təqdim olunmasını əsaslandırır. Çünki Tramp regionda illərdir mövcud olan münaqişə risklərinin azalmasına, sülh gündəliyinin möhkəmlənməsinə və iqtisadi inteqrasiyanın genişlənməsinə real töhfə verib". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, digər mühüm məsələ Avropa İttifaqının Ermənistandakı missiyasının faktiki iflasa uğramasıdır. Bu missiya, əslində, Fransa prezidenti Emmanuel Makronun layihəsi kimi ortaya çıxmış və Qərbin Ermənistanda hərbi-kəşfiyyat mövcudluğunu gücləndirmək məqsədini daşıyırdı: "Lakin Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən qəbul edilən sülh gündəliyi bu missiyanı mənasız etdi. Bu gün regionda sabitlik üçün real zəmanət daşıyan əsas faktor Zəngəzur dəhlizi (Tramp yolu) kimi strateji layihələrdir, Aİ missiyasının isə nə siyasi, nə də təhlükəsizlik baxımından faydası qalmayıb.

Rusiyanın Azərbaycana qarşı tarixi və indiki düşmənçilik siyasəti ayrıca qeyd olunmalıdır. 20 Yanvar faciəsindən başlayaraq Xocalı soyqırımı, torpaqlarımızın işğalı, Ermənistanın hərbi dəstəklənməsi və 30 il ərzində işğal rejiminin qorunması – bütün bunlar Moskvanın məqsədli siyasətinin tərkib hissəsi olub. Hətta bu gün də Rusiya mediasında aparılan anti-Azərbaycan kampaniyası, Yekaterinburq hadisələri, Ukrayna müharibəsi zamanı enerji infrastrukturumuza qarşı təhdidlər bu düşmənçiliyin davam etdiyini göstərir. Tarixə baxdıqda isə xanlıqlar dövründə Gəncə, Qarabağ və Lənkəran xanlıqlarının işğalı, İbrahim Xəlil xanın qətlə yetirilməsi və ermənilərin torpaqlarımıza köçürülməsi bu siyasətin köklərinin nə qədər dərin olduğunu sübut edir.

İran məsələsinə gəldikdə isə, prezident Məsud Pezeşkianın müsbət mövqeyi və region ölkələri ilə normal münasibətlər qurmaq istəyi ümidverici görünür. Amma İran daxilindəki radikal dini dairələr və fars şovinist qüvvələr bu siyasətin qarşısını almağa çalışır. Onların yaratdığı korrupsiya, sosial ədalətsizlik, iqtisadi gerilik və beynəlxalq təcrid vəziyyəti İrana ən çox ziyan vuran faktorlardır. Son hadisələr də göstərdi ki, bu qüvvələr nə real hərbi gücə, nə də etibarlı təhlükəsizlik sisteminə sahibdir.

Bütün bu faktorları birlikdə təhlil etdikdə, aydın olur ki, regionun gələcəyi üçün əsas strateji istiqamət sülh gündəliyinin qorunması, Zəngəzur dəhlizi (Tramp yolu) kimi layihələrin həyata keçirilməsi və xarici güclərin destruktiv siyasətinə qarşı vahid mövqenin formalaşdırılmasıdır".