"Azərbaycan modada öz kimliyini qoruyur" - AYDINLIQ GƏTİRİLDİ

13 Avqust 2025 11:00 (UTC+04:00)

"Azərbaycan milli geyimlərinin müasir modaya inteqrasiyası ənənəvi elementlərin yaradıcı şəkildə yenidən işlənməsi ilə mümkündür". Bunu SİA-ya açıqlamasında rəssam modelyer Səkinə Əliyeva deyib.

Onun sözlərinə görə, naxışlarımız, rənglərimiz və kəsim formalarımız əsrlərin hekayəsini daşıyır: "Onları müasir parçalar, rahat fasonlar və gündəlik istifadə üçün uyğun detallar ilə birləşdirərək həm milli irsimizi qoruyur, həm də modada öz imzamızı yaradırıq. Bu yanaşma sayəsində milli üslub yalnız muzey eksponatı kimi deyil, həm də müasir həyatın ayrılmaz hissəsi kimi yaşamağa davam edir.

Azərbaycan milli ornamentləri qədim tarixə malik bəzək üslubları kimi xalçaçılıqdan memarlığa, geyimdən zərgərlik sənətinə qədər bir çox sahədə tətbiq olunub. Bu naxışlar arasında buta bolluq, bərəkət və həyat rəmzini ifadə edir. Bitki və sarmaşıq motivləri təbiətin gücünü, daimi yenilənməni və həyatın davamlılığını simvolizə edir. Günəş və ulduz formaları işıq, güc və enerjini təcəssüm etdirir. Geometrik fiqurlar isə harmoniya, sabitlik və nizam ideyasını əks etdirir.

Belə ornamentlər milli kimliyimizi ifadə etməklə yanaşı, müasir dizaynda da unikal və tanınan vizual element kimi çıxış edir. Onların müasir geyimlərə tətbiqi həm gənc nəsildə milli dəyərlərə marağı artırır, həm də Azərbaycan dizaynını beynəlxalq modada fərqləndirir. Ənənəvi naxışların bu cür yaradıcı şəkildə istifadəsi göstərir ki, milli irs zamana uduzmur, əksinə yeni formalar qazanaraq daha geniş auditoriyaya çatır".