"Vaşinqton görüşü təkcə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, ATƏT-in Minsk qrupundan imtina və Zəngəzur dəhlizi ilə bağlı məsələləri əhatə etmədi. Həmçinin Ermənistanın üzərinə müəyyən konkret öhdəliklər də qoydu. ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında imzalanan birgə bəyanatda sülh sazişinin imzalanması və ratifikasiyası üçün mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı konkret öhdəliklər müəyyən olunub. Bu öhdəliklərin icrası faktiki olaraq Ermənistanın üzərinə düşür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, sülh sazişinin imzalanmasına maneə olan əsas səbəblərdən biri Ermənistan konstitusiyasıdır. Ermənistan isə bu konstitusiyadan Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş iddiaları çıxarmağa məcburdur: "Konstitusiya dəyişikliyinə getməmək ehtimalı isə, demək olar ki, yoxdur. Ermənistan rəhbərliyi də yaxşı anlayır ki, bu dəyişikliklər baş verməsə, sülh sazişi imzalanmayacaq və nəticədə Azərbaycanla münasibətlər normallaşmayacaq. Bu isə Ermənistanın regionda təcrid olunmuş vəziyyətdə qalması, hər hansı beynəlxalq və iqtisadi layihələrə qoşulmaq imkanlarını itirməsi, tranzit ölkə statusuna malik olmaması və müstəqil iqtisadiyyat qurmaq şansını itirməsi deməkdir. Bütün bu faktları Ermənistan rəhbərliyi kifayət qədər yaxşı dərk edir.
Digər tərəfdən, Ermənistanın götürdüyü bu öhdəliklər yalnız Azərbaycan qarşısında deyil, eyni zamanda ABŞ qarşısında da götürülmüş öhdəliklərdir. Ölkə başçısı da Vaşinqton səfərinin yekunlarına dair media üçün verdiyi açıqlamada açıq şəkildə bildirdi ki, Ermənistanın bu öhdəliyi yerinə yetirməməsi ilk növbədə ABŞ-a hörmətsizlik olar. Bu, əslində doğrudur. Çünki Vaşinqton görüşündə ABŞ tərəfi sülh sazişi prosesində şahid və zəmanətçi qismində çıxış edib. Bu fakt özü Ermənistanı öhdəliklərini yerinə yetirməyə məcbur edir. Konstitusiya dəyişikliyinin Ermənistanda nə vaxt həyata keçiriləcəyi isə ayrıca müzakirə mövzusudur. Çünki bu, bir günə baş verən məsələ deyil. Bunun üçün əvvəlcə həmin dəyişikliklərin hüquqi əsasları, mexanizmləri və siyasi iradə formalaşmalıdır. Konstitusiya dəyişikliyi üçün Ermənistanda referendum keçirilməlidir. Referendumun keçirilməsi üçün isə, təbii olaraq, əvvəlcə ictimai rəyin hazırlanması vacibdir. Əgər Ermənistan tərəfi, konkret olaraq Paşinyan və onun komandası ictimai rəyi qısa zamanda bu dəyişikliyə hazırlaya bilsə, o zaman proses seçkilərlə paralel şəkildə də həyata keçirilə bilər.
Yox əgər Paşinyan düşünürsə ki, konstitusiya dəyişikliyinin seçkilərlə eyni vaxtda baş tutması seçkinin nəticələrinə mənfi təsir göstərə bilər, o halda bu proses təbii ki, seçkilərdən sonrakı dövrə təxirə salınacaq. Bu isə təxminən seçkilərdən sonrakı altı aylıq bir dövrü əhatə edə bilər. Amma Ermənistanın bu prosesi daha uzun müddətə uzatmaq imkanı yoxdur. Onların belə bir lüksü yoxdur. Bu müddət ərzində Ermənistan mütləq şəkildə konstitusiya dəyişikliyini həyata keçirməli və Azərbaycanın ərazi bütövlüyünə qarşı olan iddialardan imtina etməlidir. Yalnız bundan sonra sülh sazişinin imzalanması, ratifikasiyası və ondan irəli gələn digər öhdəliklərin icrası mümkün olacaq. Düşünürəm ki, Ermənistan rəhbərliyi də bu reallığı dərk edir və üzərinə düşən vəzifələri yerinə yetirmək üçün fəaliyyətə başlayacaq. Əks halda, bu, Ermənistan üçün həm beynəlxalq ictimaiyyət qarşısında, həm də Azərbaycan qarşısında ağır nəticələrə səbəb ola bilər. Eyni zamanda, bu addımların atılmaması Ermənistanın yenidən Rusiyadan və onun iqtisadi sistemindən asılı vəziyyətə düşməsi ilə nəticələnə bilər. Bu da Ermənistanın dövlət kimi müstəqil mövcudluğunu sual altına qoyar".