Mərkəzi Gömrük Hospitalının Laboratoriyası dəqiq və sürətli diaqnostika təqdim edir

12 Avqust 2025 12:56 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi, b.ü.f.d. Səbinə İbrahimova Laboratoriyanın fəaliyyəti barədə geniş və ətraflı məlumat verib. Laboratoriyamız ən müasir avadanlıq və qabaqcıl texnologiyalarla təchiz olunub. Burada dəqiq və vaxtında diaqnostika üçün bütün zəruri laborator analizlər həyata keçirilir. Pasiyentlərimizin sağlamlığının qorunması və xəstəliklərin erkən mərhələdə aşkar olunması məqsədilə Laboratoriya şöbəsi beynəlxalq standartlara tam uyğun olaraq fəaliyyət göstərir.

Dr. İbrahimova bildirib ki, Laboratoriyada istifadə olunan tam avtomatlaşdırılmış analizatorlar sayəsində nəticələr yüksək dəqiqliklə və sürətlə əldə edilir. Bu isə həkimlərə xəstə üçün ən optimal müalicə planını hazırlamağa imkan yaradır. Bundan əlavə, laboratoriya şöbəsinin peşəkar və təcrübəli heyəti hər bir analiz prosesini ciddi keyfiyyət nəzarəti altında həyata keçirir, bu da diaqnostika prosesinin etibarlılığını təmin edir.

Mərkəzi Gömrük Hospitalının Laboratoriyası həmçinin xəstələrə geniş spektrli qan, sidik, bio-kimyəvi, mikrobioloji və immunoloji analiz xidmətləri göstərir. Laboratoriya şöbəsinin məqsədi yalnız dəqiq nəticə verməklə yanaşı, pasiyentlərin rahatlığı və sürətli xidmət göstərilməsidir. Çarxda Dr. Səbinə İbrahimovanın laboratoriyanın fəaliyyəti haqqında geniş təqdimatını izləyə bilərsiniz. https://youtu.be/ky8pYPPm5BA