"Bir çox sahələrdə olduğu kimi, kosmik tədqiqatlarda da ciddi bir irəliləyiş müşahidə olunur. Dünyanın aparıcı iki kosmik gücü var: biri Rusiya, digəri isə Amerika Birləşmiş Ştatlarıdır. Onlardan sonra Avropa İttifaqı ölkələri, Yaponiya, Çin, Hindistan və yaxın gələcəkdə Türkiyə, Braziliya kimi ölkələr də bu proseslərə ciddi şəkildə qoşulmaq fikrindədir. İranın da kosmosa öz raketini buraxmaq planları var". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, kosmik sənaye əvvəlcə hərbi məqsədlərlə inkişaf etdirilirdi. Daha sonra isə rabitə və digər tədqiqatlar, o cümlədən yer üzündə baş verən qlobal istiləşmə, okeanların öyrənilməsi və s. üçün istifadə olunmağa başlandı: "Lakin son vaxtlar bu sahə mülki istiqamətdə də sürətlə inkişaf etməyə başlayıb. Xüsusən Elon Mask bu sahəyə daxil olduqdan sonra proses daha da sürətlənib. Düzdür, ondan əvvəl də bu cəhdlər var idi, amma bu qədər inkişaf etməmişdi. Bilirik ki, beynəlxalq kosmik stansiya əvvəlcə Rusiyanın təşəbbüsü ilə yaradılmış, daha sonra Avropa və Amerika birləşərək onu birlikdə inkişaf etdirmişdir. Bu stansiya Yer ətrafında fırlanan süni peyk kimi uzun müddətdir fəaliyyət göstərir və bir çox elmi-tədqiqat işləri ilə bəşəriyyəti heyrətləndirməyi bacarıb.
Elon Maskın təşəbbüsü ilə çox istifadəli raketlərin buraxılması, onların inkişaf etdirilməsi, Yer kürəsinin orbitinə, Aya, Marsa və gələcəkdə ulduzlara, digər sivilizasiyalara qədər gedə biləcək qlobal planlar hazırlanmaqdadır. Musk Mars və Aya atom bombalarının atılması, orada karbon qazının artırılması və ilkin yaşayış şəraitinin yaradılması ilə bağlı da plan təklif etmişdi. Bunu çoxları anlamasa da, o bu plan üzərində işləməyə davam edir.
Kosmik turizm artıq reallığa çevrilib. Hətta İran əsilli Azərbaycanlı milyoner bir qadın ilk qadın kosmik turist olmuşdur. Daha öncə də bir çox zəngin şəxslər bu təcrübəni yaşamışdılar. Əvvəlcə Rusiya, sonra isə ABŞ bu sahəyə maraq göstərdi. Kosmik turizm və ümumilikdə kosmik sənayenin inkişafı bəşəriyyət üçün sıçrayış deməkdir. Axır-əvvəl bu planetin resurslarını tükəndirdik və bir gün Günəş və ya digər kosmik güclər Yer kürəsini təsirsiz hala sala bilər. Ona görə də bəşəriyyət özünə yeni “ev” tapmalı və orada yaşam şəraiti formalaşdırmalıdır.
Bu təkcə bir şəxsin – bir milyarderin işi deyil. Bu prosesdə beynəlxalq təşkilatlar, dövlətlər, koalisiyalar birləşməli, kosmik tədqiqatlarla bağlı ciddi işlər görülməlidir. Bəşəriyyət bu sahədən yalnız fayda götürə bilər. Böyük planlar quran ölkələr və cəmiyyətlər inkişaf edir. Kiçik məqsədlərlə yaşayan cəmiyyətlər isə geridə qalır. Kosmik texnologiyalar mobil telefon və internetin inkişafı kimi kütləviləşəcək. Əvvəllər illərlə baş verən inkişaf indi 6 ayda bir olur. Elmi və texnoloji tərəqqidən qorxmaq lazım deyil. O, hər zaman bəşəriyyətə xeyir verir və bundan sonra da verəcək".