8 - avqust 2025 tarixindən ən populyar beynəlxalq media gündəmini Ağ Evdə keçirilən üçtərəfli görüş və əldə olunan Azərbaycan–Ermənistan sülh çərçivə razılaşması zəbt etdi. ABŞ Prezidenti Donald Trump-ın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanan ilkin razılaşma həm Qərb, həm də regional mətbuatda geniş şərh olundu.
Qərb mediasının reaksiyası
8 avqust – ABŞ mətbuatında əsas xəbərlər
The Washington Post yazır ki, bu razılaşma ABŞ-ın Cənubi Qafqazdakı rolunu gücləndirir və Rusiyanın təsirini zəiflədir (Washington Post, 08.08.2025). Nəşr vurğulayır ki, “TRIPP” (Trump Route for International Peace and Prosperity) adlı Zəngəzur tranzit koridoru layihəsi razılaşmanın əsas hissəsidir.
Politico isə qeyd edir ki, Trump bu diplomatik təşəbbüsü ilə yenidən qlobal siyasət səhnəsində ön plana çıxır və Nobel Sülh Mükafatı namizədliyi üçün ciddi zəmin yaradır (Politico, 08.08.2025).
El País (İspaniya) Ağ Evdə imzalanan “preacuerdo”nu (ön razılaşma) “Minsk Qrupunun təsirini zəiflədən yeni geosiyasi xəritə” kimi qiymətləndirir (El País, 08.08.2025).
9–11 avqust – Yekun mətn və diplomatik detallar
Reuters 9 avqust tarixli materialında razılaşmanın yekun mərhələyə yaxın olduğunu, lakin Ermənistanın konstitusiyadan Qarabağla bağlı müddəaları çıxarmalı olduğunu yazır (Reuters, 09.08.2025).
11 avqustda isə Reuters sülh razılaşmasının ilkin mətni yayımlayaraq, ərazi bütövlüyünə hörmət, sərhədlərin tanınması və güc tətbiq etməmək prinsiplərini ön plana çıxarır (Reuters, 11.08.2025).
Rusiya mediası və rəsmilərinin mövqeyi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova razılaşmanı müsbət qiymətləndirərək, region məsələlərinin yerli dövlətlərin iştirakı ilə həll olunmasının vacibliyini vurğulayıb (Reuters, 09.08.2025).
Azadutyun xəbər verir ki, Moskva ilə 2020 və 2021-ci illərdə bağlanan üçtərəfli sazişlərin qüvvədə qalması mövqeyi də qorunur (Azadutyun, 09.08.2025).
Türkiyə mediası və rəsmilərinin reaksiyası
Turkish Minute Türkiyə hökumətinin razılaşmanı “tarixi fürsət” kimi gördüyünü, koridorun Xəzərdən Avropaya strateji bağ yaradacağını yazır (Turkish Minute, 08.08.2025).
Caliber.az isə Prezident Rəcəb Tayyib Ərdoğanın razılaşmanı “Qafqazda dayanıqlı sülh üçün mühüm addım” adlandırdığını qeyd edir (Caliber.az, 11.08.2025).
Ukrayna mediasının yanaşması
Kyiv Post bu razılaşmanı ABŞ-ın Qafqazda nüfuzunu artıran və Rusiya ilə İranın təsirini azaldan addım kimi təqdim edir, lakin regiondakı balansın dəyişməsi risklərini də vurğulayır (Kyiv Post, 09.08.2025).
İran mediası və açıqlamaları
İran bu razılaşmaya ən kəskin reaksiya verən tərəflərdən biri olub.
Reuters yazır ki, Tehran “TRIPP” koridorunu təhlükəsizlik təhdidi kimi qiymətləndirir və onun qarşısını hərbi yolla almağa hazır olduğunu bəyan edib (Reuters, 09.08.2025).
Times of India isə İran Ali Lideri Ayətullah Xameneyiyə yaxın müşavirin sözlərini sitat gətirir: “Bu koridor Trump üçün qəbiristanlıq ola bilər” (Times of India, 09.08.2025).
Sonda onu deyim ki...
8 avqust tarixində baş tutan bu diplomatik hadisə Qafqazın geosiyasi mənzərəsini dəyişdirə biləcək gücdədir. Qərb mediası bunu ABŞ diplomatiyasının uğuru kimi təqdim edərkən, Rusiya ehtiyatlı optimizm nümayiş etdirir, Türkiyə tam dəstək verir, Ukrayna balanslı yanaşır, İran isə sərt etiraz edir.
Ən əsası, bu tarixi hadisə Azərbaycanın mill maraqlarına xidmət edir və bu, yalnız Azərbaycan–Ermənistan münasibətləri üçün deyil, həm də regiondakı güc mərkəzlərinin yenidən formalaşması üçün dönüş nöqtəsi ola bilər.
Yusif Quliyev