"Xəzər dənizinin çimərliklərində tullantıların və çirklənmənin artması hər il təkrarlanan ciddi problemdir. Bu il də vəziyyət dəyişməyib və təəssüf ki, tullantılar sahilləri çirkləndirməkdədir. Bakı və Sumqayıt sakinləri hər ay zibil üçün ayrıca ödəniş — adam başına bir manat — verirlər". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.
Onun sözlərinə görə, lakin bu ödənişə baxmayaraq, çimərliklərdəki zibilliklər hələ də təmizlənmir. Bu, ilk növbədə idarəetmə və təşkilatçılıq məsələsidir: "Çimərlik mövsümünə başlamazdan əvvəl, sahildə küləyin gətirdiyi tullantılar və əvvəlki mövsümdən qalmış zibil qalıqları dərhal təmizlənməlidir. İnsanların çimərlikdə tullantı atması gözlənilsə də, əsas məsələ zibillərin vaxtında toplanıb müvafiq yerlərə daşınmasıdır. Məişət tullantıları — meyvə və tərəvəz qalıqları, plastik qablar və s. — mütəmadi olaraq xüsusi zibil qutularına yığılmalı, vətəndaşların rahatlığı üçün həmin zibil qutuları müəyyən vaxtlarda boşaldılmalıdır.
Zibilin toplanması üçün müəyyən vaxtlarda — məsələn, iki saata bir — çimərliklərdə gəzən xüsusi maşınların fəaliyyət göstərməsi çox vacibdir. Bu sistem həm vətəndaşlara görülən işin qarşılığını göstərir, həm də pulun istifadəsinin şəffaflığını təmin edir. Zibil pulu verən insanlar üçün zibilin çimərliklərdə qalması qəbuledilməzdir. Həmçinin, vətəndaşların istirahət hüquqları nəzərə alınmalıdır. Çimərliklərdə insanlar istirahət edərkən, məsələn, qarpız yeyirlər və onun böyük hissəsi tullantı kimi qalır. Bu tullantıların evə geri aparılması praktik deyil, xüsusilə də uşağı xəstə olan ailələr üçün.
Bu səbəbdən, zibilin müntəzəm yığılması və təmizlənməsi vətəndaşların rahatlığını təmin etməklə yanaşı, ətraf mühitin qorunmasına da xidmət edir. İkinci tərəfdən, dənizdə yaranan kimyəvi və sənaye tullantıları, həmçinin kanalizasiya sularının axıdılması kimi problemlər isə ayrı bir məsələdir. Bu, həm yerli sakinlərin, həm də turistlərin sağlamlığına ciddi təhlükə yaradır və uzun müddət davam edən problemlər sırasındadır.
Bu nöqteyi-nəzərdən, dövlət səviyyəsində ciddi tədbirlər görülməli, sənaye müəssisələrinin tullantılarının təmizlənməsi və nəzarət mexanizmləri gücləndirilməli, kanalizasiya sistemlərinin təkmilləşdirilməsi təmin edilməlidir. Əks təqdirdə, yalnız çimərliklərin təmizliyi deyil, bütövlükdə ekosistemin davamlılığı təhdid altında qalacaq.
Beləliklə, çimərliklərin təmizliyi və tullantıların idarə olunması kompleks və hərtərəfli yanaşma tələb edən məsələdir. Bu prosesdə vətəndaşların, yerli idarəetmə orqanlarının və dövlət strukturlarının birgə fəaliyyəti vacibdir. Təmiz və sağlam çimərliklər həm şəhərlərin estetik görünüşünü yaxşılaşdıracaq, həm də insanların rahat və təhlükəsiz istirahətini təmin edəcək".