Dövlət Dəniz və Liman Agentliyində keçirilən imtahanlarla bağlı daha bir yenilik

12 Avqust 2025 11:09 (UTC+04:00)

Dövlət Dəniz və Liman Agentliyində imtahanların mərkəzləşdirilmiş qaydada keçirilməsi ilə bağlı tətbiq olunan yeniliklər davam edir. Agentlikdən SİA-ya bildirilib ki, yeni qaydalara əsasən, cari il sentyabrın 1-dən etibarən xüsusi hazırlıq şəhadətnamələrinin ilk dəfə əldə edilməsi və ya yenilənməsi zamanı yekun bilik qiymətləndirilməsi üzrə imtahanlar həftənin çərşənbə və cümə günləri agentliyin inzibati binasında keçiriləcək.

Bununla bağlı “Xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi və biliklərin yekun qiymətləndirilməsi üzrə imtahanların təşkil olunma qaydaları” üzrə Təlimat Agentliyin 5 avqust 2025-ci il tarixli, 3-27-106/3-2-257/2025 nömrəli əmri ilə təsdiqlənib və rəsmi veb-saytında yerləşdirilib.

Təlim-tədris mərkəzlərinə təlim günlərinin planlaşdırılması zamanı imtahan günləri ilə üst-üstə düşməməsinə xüsusi diqqət yetirilməsi tövsiyə olunur.

Bu yanaşma imtahan iştirakçılarının vaxtlarının səmərəli idarə olunması üçün mühüm əhəmiyyət kəsb edir.