“Azərbaycanın beynəlxalq mövqeyi güclənir” - ŞƏRH EDİLDİ

12 Avqust 2025 10:37 (UTC+04:00)

"Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri, Vaşinqtonda keçirdiyi görüşlər, apardığı danışıqlar və imzaladığı sənədlər Azərbaycan dövlətinin nüfuzunun yüksəlməsinə mühüm töhfə verdi". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, bu səfər yalnız rəsmi əlaqələrin dərinləşməsinə xidmət etmədi, həm də İlham Əliyevin özünün siyasi lider və dövlət rəhbəri kimi mövqeyinin güclənməsinə şərait yaratdı: "Amerika Birləşmiş Ştatları ilə aparılan danışıqlar və imzalanan sənədlər, eləcə də Azərbaycan prezidentinə ABŞ prezidentinin göstərdiyi hörmətli münasibət bütün dünyada böyük maraqla izləndi. Bu, hətta Azərbaycanı dərindən tanımayan beynəlxalq ictimaiyyətin ölkəmizə olan baxışını daha da müsbət istiqamətə dəyişdi. Donald Trampın İlham Əliyevi bərabər səviyyədə qəbul etməsi, onunla həmrəy davranması və Azərbaycan dövlətinin rəhbərini kiçik dövlət rəhbəri kimi deyil, eyni hüquqlu tərəfdaş kimi qiymətləndirməsi diqqətəlayiq idi.

Bu addım həm İlham Əliyevin fərdi nüfuzunun, həm də Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin daha da möhkəmlənməsinə xidmət etdi. Bu hadisə, Azərbaycanla ABŞ arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərir və bundan sonra həm İlham Əliyevə, həm də ölkəmizə qarşı münasibətin daha hörmətli, daha yüksək səviyyədə olacağına dair gözləntiləri artırır.

Gələcəkdə bu əlaqələrin daha da genişlənməsi və dərinləşməsi Azərbaycanın dünya siyasətində daha aktiv rol oynayacağına, regionda və beynəlxalq səviyyədə sülh, əməkdaşlıq və tərəfdaşlıq üçün daha güclü zəmin yaranacağına işarədir. Bu səfər və görüşlər, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun yüksəlməsində əhəmiyyətli mərhələ olaraq yadda qalacaq".