Polşa ordusu Polşa Ordusu Günü münasibətilə tarixində ən böyük parada hazırdır. SİA Polşa mətbuatına istinadla xəbər verir ki, bu barədə Baş nazirin müavini, milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib. Müdafiə Nazirliyinin rəhbəri avqustun 15-nə təyin edilmiş paraddan əvvəl keçirilən məşqdə iştirak edib.
Polşa Ordusu Günü Sovet-Polşa müharibəsi zamanı 1920-ci ilin avqustunda Qızıl Ordu ilə Polşa Ordusu arasında baş vermiş Varşava döyüşünün xatirəsi ilə əlaqədar qeyd olunur.
“Bu, bizim qələbəni qeyd etdiyimiz gündür, tariximizdə isə əzab çəkmə ilə bağlı nümunələr çox olub”, - deyə nazir vurğulayıb. O, əlavə edib ki, bu, təkcə tarixi yaddaş deyil, həm də gələcək üçün istiqamətdir, çünki təhlükə həmişə eyni tərəfdən gəlir.
“İstər imperiya, istər Sovet İttifaqı, istərsə də indiki Rusiya Federasiyası olsun, üsullar həmişə eynidir. Ona görə gücümüzü göstərmək daha vacibdir”, - deyə baş nazirin müavini bildirib.
Parad eyni vaxtda Varşavada və Hel yarımadasında keçiriləcək, burada Hərbi Dəniz Donanması öz bacarıqlarını nümayiş etdirəcək.
Yürüşdə üç yüzə yaxın texnika, dörd min hərbi qulluqçu, 50 uçan aparat və 20 gəmi iştirak edəcək.
Avqustun 15-də həmçinin müttəfiq ordu və strukturlardan: ABŞ, Böyük Britaniya, Fransa və Rumıniyadan olan yüzə yaxın hərbi qulluqçu, həmçinin “Şimal-Şərq” Çoxmillətli Diviziyasının və Avrokorpusun nümayəndələri iştirak edəcək.