Azərbaycan dünya çempionatında 23 güləşçi ilə təmsil olunacaq

11 Avqust 2025 18:29 (UTC+04:00)

Azərbaycanın güləş yığmalarının Bolqarıstanın Samokov şəhərində keçiriləcək U-20 dünya çempionatı üçün heyəti açıqlanıb.

SİA-nın məlumatına görə, Azərbaycan Güləş Federasiyasından bildirilib ki, “Samokov Arena”da təşkil ediləcək mundialda ölkəmizi ümumilikdə 23 güləşçi təmsil edəcək.

Yarışın ilk günlərində sərbəst güləşçilər xalçaya çıxacaqlar. Vasif Bağırov (57 kiloqram), Fərhad Hacıyev (61 kiloqram), Ağa Qasımov (65 kiloqram), Nurlan Ağazadə (70 kiloqram kq), Ağanəzər Novruzov (74 kiloqram), Muradxan Omarov (79 kiloqram), Təbriz Bayramov (86 kiloqram), Anar Cəfərli (92 kiloqram), Rəvan Musayev (97 kiloqram) və Yusif Dursunov (125 kiloqram) medal qazanmağa çalışacaqlar.

Daha sonra qadın güləşində Günay Qurbanova (59 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) və Zəhra Kərimzadə (72 kiloqram) mübarizəyə qoşulacaqlar.

Dünya çempionatının son günlərində estafet yunan-Roma güləşçilərinə keçəcək. Burada Turan Daşdəmirov (55 kiloqram), Ayxan Cavadov (60 kiloqram), Tural Əhmədov (63 kiloqram), Fəraim Mustafayev (67 kiloqram), Seymur Qasımov (72 kiloqram), Davud Məmmədov (77 kiloqram), Elmin Əliyev (82 kiloqram), Orxan Hacıyev (87 kiloqram), İsmayıl Rzayev (97 kiloqram) və Məzaim Mərdanov (130 kiloqram) güclərini yoxlayacaqlar.

Görüşlər hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 19:00-da start götürəcək.

Avqustun 17-dən 24-dək təşkil olunacaq yarışda I dərəcəli hakimlər – Kamran Əliyev və Bəşir İsazadə ədaləti qoruyacaqlar.