Litiumun qiymətləri kəskin şəkildə artıb...

11 Avqust 2025 22:36 (UTC+04:00)

...Bazar ertəsi, avqustun 11-də akkumulyator istehsalında istifadə olunan litiumun qiymətləri kəskin artıb. Bu, Çində ən böyük litium mədənlərindən birinin bağlanması fonunda baş verib.

SİA-nın məlumatına görə, bu barədə Bloomberg yazır. Dünyanın ən böyük akkumulyator istehsalçısı Contemporary Amperex Technology (CATL) Çindəki Jianxiawo mədəninin lisenziyasının müddəti bitdikdən sonra bağlandığını təsdiqləyib.

Bloomberg-in məlumatına görə, mədən ən azı üç ay bağlanacaq. Bu mədən qlobal litium istehsalının təxminən 6 faizini, regiondakı digər mədənlər isə ən azı 5 faizini təşkil edir.

Nəhəng şirkətin bu addımı bazarı silkələyib.

Quançjou Futures Exchange birjasında akkumulyatorlar üçün metalın qiyməti gündəlik limit artıb.

Çinin Tianqi Lithium şirkətinin səhmləri 19 faiz, Ganfeng Lithium isə 21 faiz bahalaşıb. Bildiyiniz kimi, litium istehsalçıları hazırda qlobal tədarük çoxluğu ilə mübarizə aparırlar.

Bu, xüsusilə ABŞ prezidenti Donald Trampın bu sənaye üçün güzəştləri ləğv etməsi səbəbindən elektriklə işləyən avtomobillərə tələbatdakı maneələrlə daha da ağırlaşır.

Əlavə edək ki, litium yüngül metaldır, yüksək reaktivliyi ilə seçilir və müxtəlif sənaye sahələrində, o cümlədən tibb, elektronika və akkumulyator istehsalında istifadə olunur.

Əli Babayev