Demokratik İslahatlar Partiyası (DİP) Prezident İlham Əliyevin ABŞ-yə səfərinin nəticələri ilə bağlı bəyanat verib. Bu barədə SİA-ya siyasi təşkilatdan məlumat verilib.
Bəyanatda Prezident İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmaların, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi istiqamətində əldə edilən nəticələrin böyük tarixi əhəmiyyətə malik olduğu vurğulanıb.
"Bayden dövründə kifayət qədər zədələnmiş Azərbaycan-ABŞ ikitərəfli münasibətləri bərpa olunub, Prezident Donald Trampın imzaladığı sərəncamla Azərbaycana qarşı 33 il ərzində ədalətsiz şəkildə tətbiq olunan "Azadlığı Dəstəkləmə Aktı"na 907-ci düzəlişin tətbiqi dayandırılıb".
Qeyd olunub ki, Ağ Evdə paraflanan saziş bölgəyə dayanıqlı sülhün gəlməsinin əsas göstəricisidir:
"Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistan öz ev tapşırıqlarını yerinə yetirəndən - konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını aradan qaldırandan sonra yekun sülh sazişi imzalanacaq".