"Dizayner olmaq üçün fantaziya yetərli deyil" - MÜNASİBƏT BİLDİRİLDİ

11 Avqust 2025 10:35 (UTC+04:00)

"Azərbaycanda dizayn sahəsində təhsil almaq istəyən gənclər üçün imkanlar hələ də məhduddur. Əslində, bizdə dizaynerlik və modelyerlik deyiləndə, istər institutlarda, istərsə də peşə məktəblərində əsasən geyimlərin yalnız eskizlərini çəkmək öyrədilir". Bunu SİA-ya açıqlamasında stil üzrə mütəxəssis, modelyer Şəlalə Maqsudova deyib.

Onun sözlərinə görə, yəni, hər hansı bir institutu və ya peşə məktəbini bitirən tələbə əsasən yalnız çəkim üzrə ixtisaslaşır: "Halbuki bir paltarın hazırlanması üçün təkcə çəkmək kifayət etmir — burada həm biçim, həm tikiş, həm də dizaynerin öz yaradıcılıq qabiliyyəti olmalıdır. Bu yaradıcılıq, hər hansı mövcud geyimi sadəcə təkrar etmək deyil, öz fantaziyasının məhsulu olan orijinal bir model ortaya qoymaq deməkdir.

Bundan başqa, çəkilən hər bir geyimin hazırlanmasında istifadə olunan parçaların seçimi xüsusi əhəmiyyət daşıyır. Dizayner parçaların texnologiyasını bilməli, çəkdiyi formaya uyğun hansı materialların istifadə ediləcəyini müəyyən edə bilməlidir ki, istədiyi formaya nail olsun. Təəssüf ki, Azərbaycanda dizayner ixtisasını bitirən gənclərin əksəriyyəti yalnız çəkimlə kifayətlənir, paltarın hazırlanmasının digər mərhələlərindən — nə biçimdən, nə də tikişdən — yetərincə anlayışa sahib olmur.

Bu səbəbdən də ixtisasını tam mənimsəmək istəyən gənclər mütləq əlavə olaraq kurslara getməli və ya bu sənəti təcrübəli ustaların yanında öyrənməlidirlər. Əks halda, onlardan peşəkar modelyer və ya dizayner yetişməsi çətin olur. Mən bunu xüsusilə xaricdə, iki il əvvəl Milana səfərim zamanı aydın şəkildə gördüm. Orada başa düşdüm ki, bizim təhsil sistemimizlə oradakı sistem arasında ciddi fərqlər var. Onların dizaynerlik ixtisaslarında təhsil alan tələbələrin əksəriyyəti çəkdikləri hər bir modeli tam şəkildə, uyğun parçaları seçərək, biçim və tikişini özləri edərək hazırlamalı, sonda isə istifadə olunan parçaların texnologiyası barədə ətraflı məlumat verməlidirlər.

Ümumilikdə, orada tələbələr paltarın ortaya çıxarılması üçün bütün mərhələləri özləri keçirlər. Bizdə isə bu proses natamam qalır. Ona görə də yerli məktəblərin məzunları moda evi açmaq istədikdə mütləq özlərinə işçi heyəti toplamalı olurlar, çünki bir geyimi başdan-sona təkbaşına hazırlamaq bacarığı onlarda olmur".