Damcılı mağarasında aparılmış tədqiqatlara həsr olunmuş kitabların təqdimatı keçirilib - FOTOLAR

10 Avqust 2025 11:13 (UTC+04:00)

ADA Universitetinin Qazax Mərkəzində “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən Damcılı mağara düşərgəsində 2016–2023-cü illərdə yaponiyalı və azərbaycanlı arxeoloqlardan ibarət beynəlxalq ekspedisiya tərəfindən aparılmış tədqiqat işlərinə və həmin tədqiqatların nəticələrinə əsasən çap olunmuş nəşrlərin təqdimatına həsr olunmuş “Damcılı mağarası: tarix, arxeologiya və mədəniyyət – yeni nəşrlərin təqdimatı” adlı tədbir keçirilib. Tədbir Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, AMEA Arxeologiya və Antropologiya İnstitutu, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən təşkil edilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, tədbirdə Damcılı mağarasının tarixi əhəmiyyəti, aparılan qazıntılar, tədqiqat prosesi və əldə olunan elmi nəticələr, buradan aşkarlanmış maddi-mədəniyyət nümunələrinin Azərbaycan arxeologiyasında rolu, həmçinin beynəlxalq elmi əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Tədbirdə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları, yaponiyalı arxeoloqlar, Yaponiya Tokio Muzey Universitetinin direktoru, yaponiya tərəfindən arxeoloji tədqiqatlara rəhbərlik etmiş professor Yoşihiro Nişiaki və Azərbaycan tərəfindən tədqiqatlara rəhbərlik etmiş tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, Qazax Rayon İcra Hakimiyyətinin nümayəndələri, Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey”, “Keşikçidağ”, “Qədim Şəmkir Şəhəri”, “Gəncə”, “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının əməkdaşları, ADA Universiteti Qazax Mərkəzinin və Bakı Dövlət Universitetinin Qazax filialının professor-müəllim heyəti, Qazax rayon mədəniyyət işçiləri və digər ziyalılar iştirak ediblər.

Sonda qonaqlar qoruğun Damcılı filialına ekskursiya ediblər və burada aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan eksponatlardan ibarət sərgi ilə tanış olublar. Sərgidə müxtəlif dövrlərə aid daş alətlər, keramika və digər maddi-mədəniyyət nümunələri nümayiş olunub.