"Azərbaycan sülhü öz şərtləri ilə təmin etdi" - ŞƏRH EDİLDİ

9 Avqust 2025 10:37 (UTC+04:00)

"Amerika Birləşmiş Ştatlarında keçirilən üçtərəfli görüşdə Azərbaycan uzun müddətdir israrla tələb etdiyi sülhü öz şərtləri əsasında əldə etməyi bacardı". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, bu, təkcə Ermənistan–Azərbaycan münasibətləri tarixində deyil, bütövlükdə regionun siyasi tarixində mühüm dönüş nöqtəsi kimi dəyərləndirilə bilər. Əldə olunan nəticə, regiona həm uzunmüddətli sabitlik, həm də iqtisadi inkişaf gətirmək potensialına malikdir. Bundan əlavə, son iki yüz il ərzində bölgəmizi təhdid edən və gərginlik yaradan xarici güc mərkəzlərinin regional sülhə və təhlükəsizliyə birbaşa müdaxiləsini ciddi şəkildə məhdudlaşdıracaq. Bu xüsusda baş verənlər ayrıca tarixi əhəmiyyət kəsb edir.

Görüşün digər mühüm tərəfi isə ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdə yeni bir mərhələnin başlanmasıdır. İmzalanmış memorandum çərçivəsində strateji tərəfdaşlığın əsas prinsipləri müəyyənləşdirilib, qarşıya qoyulacaq məqsədlərin reallaşdırılması üçün xüsusi bir komissiya yaradılıb. Bu addımlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artırmaqla yanaşı, regionun gələcəyi üçün dayanıqlı sülhün bünövrəsini möhkəmləndirir.

Bütün bunların fonunda, uzun illər müxtəlif dairələr tərəfindən qarşı çıxılan və hətta “qırmızı xətt” elan edilən Zəngəzur dəhlizinin açılması ayrıca strateji əhəmiyyət daşıyır. Bu dəhlizin bölgədə yeni münaqişələrə səbəb ola biləcəyi barədə iddialara baxmayaraq, onun Azərbaycanın müəyyən etdiyi hüquqi rejim əsasında istifadəyə verilməsi mühüm tarixi nailiyyətdir. İmzalanmış üçtərəfli bəyanatda Naxçıvana maneəsiz keçidin təmin olunacağı da rəsmən təsdiqlənib. Bu, Azərbaycanın siyasi iradəsinin təntənəsi və böyük diplomatik zəfəridir.