Serbiya mətbuatı Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti ilə görüşünü diqqətdə saxlayıb

9 Avqust 2025 03:13 (UTC+04:00)

Serbiya mediası Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilmiş görüşünü geniş işıqlandırıb. SİA xəbər verir ki, “Novosti”, “Alo”, “Politika”, RTV, “Indeks Online” kimi media orqanlarının dərc etdiyi yazılarda Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtondakı görüşünə dair Birgə Bəyannamə imzaladıqları qeyd olunur.

Materiallarda diqqətə çatdırılır ki, Azərbaycanla Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin razılaşdırılmış mətni paraflanıb. Saziş ABŞ-ın nəzarəti altında əsas nəqliyyat dəhlizinin yaradılması üzərində birgə işləməyi, iki ölkə arasında ticarət, səyahət və diplomatik əlaqələrin inkişafını nəzərdə tutur.

Qeyd olunur ki, Donald Tramp Azərbaycan və Ermənistanın hərbi əməliyyatları həmişəlik dayandırmağa, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağa razılıq verdiklərini bəyan edib.