Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq. SİA xəbər verir ki, bunu Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev ABŞ və Ermənistan liderləri ilə birgə bəyanatla çıxış edərkən deyib.
“Bu, Azərbaycan üçün tarixi nailiyyətdir”, - o əlavə edib.
Dövlət başçısının sözlərinə görə, dünyanın ən böyük ölkəsi ilə strateji tərəfdaşlıq formatında əməkdaşlıq böyük imkan olmaqla yanaşı, çox böyük məsuliyyətdir.
“Bu strateji tərəfdaşlıq formatı bir çox mühüm sahələri əhatə edir: qarşılıqlı sərmayələr, ticarət, enerji, rabitə, tranzit, süni intellekt, müdafiə təyinatlı məhsulların satışı, terrorizmlə mübarizə. Bütün bu sahələrdə əməkdaşlığımız var idi və ümid edirəm ki, gələcəkdə də çox fəal əməkdaşlıq edəcəyik”, - Azərbaycan Prezidenti qeyd edib.