Xəstələr arasında böyük rəğbət qazanmış Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin rəisi, yüksəkixtisaslı ümumi cərrah, tibb üzrə fəlsəfə doktoru Namiq Novruzovu təqdim edirik.
Namiq Novruzov Mərkəzi Gömrük Hospitalında laporoskopik və açıq qaraciyər rezeksiyaları, öd yollarından laporoskopik vizual və rentgenoloji kontrolla daşların xaric edilməsi, mədəaltı vəzin, dalağın, mədənin, qida borusunun tam və hissəvi çıxarılması, nazik və yoğun bağırsaqlarda laporoskopik əməliyyatlar, bariatrik mədə kiçildilməsi, mədənin şuntlanması, diafraqma yırtıqlarının laporoskopik təmiri, yırtıqların açıq və laporoskopik üsullarla təmiri, abdominoplastika əməliyyatları, eləcə də ezofaqoqastroduodenoskopiya, kolonoskopiya, ezofaqus varikoz venalarının elastik həlqələnməsi, qastrointestinal darlıqlarda stentlərin yerləşdirilməsi, poliplərin kəsilməsi, qanamaların endoskopik yolla dayandırılması və digər əməliyyatları icra edir.
O, 1996-cı ildə Azərbaycan Tibb Universitetinin II Müalicə Profilaktika fakültəsini bitirib, 1996-1997-ci illərdə Bakı şəhəri 5 saylı kliniki xəstəxanada cərrahiyyə ixtisası üzrə internatura keçib. O, 2003-2007-ci illərdə Moskvada Rusiya Diplomdansonrakı Tibbi Təhsil Akademiyasında Təcili və Təxirəsalınmaz cərrahiyyə kafedrasının aspiranturasında təhsilini davam etdirərək, tibb üzrə fəlsəfə doktoru elmi adına yiyələnib.
1998-ci ildə dövlət tibb müəssisəsində ümumi cərrah kimi fəaliyyətə başlayıb, 2003-2007-ci illərdə N.V.Sklifosovski adına Moskva şəhər Elmi Tədqiqat Təcili Yardım İnstitutunda ümumi cərrah, 2009-2012-ci illərdə Mərkəzi Gömrük Hospitalında ümumi cərrah, 2012-2013-cü illərdə Türkiyədə Malatya İnönü Universitetinin Qaraciyər Transplantasiyası İnstitutunda cərrah kimi çalışıb. 2013-cü ildən Mərkəzi Gömrük Hospitalında Ümumi Cərrahiyyə şöbəsinin rəisidir. Ümumi cərrahiyyə, laporoskopik cərrahiyyə, transplantasiya və invaziv endoskopiyanı əhatə edən geniş çeşidli diaqnostik və cərrahi əməliyyatlar üzrə ixtisaslaşıb.
Azərbaycan Prezidentinin Sərəncamı ilə Namiq Novruzov 2024-cü ilin yanvarında gömrük orqanlarında səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Öz sahəsi üzrə biliklərini daim təkmilləşdirərək Rusiyanın, Türkiyənin və Avropanın müxtəlif aparıcı klinikalarında qarın boşluğu və çanaq üzvlərinin laporoskopik cərrahiyyəsi üzrə ixtisasartırma, Ankara Universitetinin Tibb fakültəsində endoskopiya və ERCP üzrə kursları bitirib, 2020-ci ildə Avstriyanın Zalsburq şəhərində Amerika-Avstriya Fondu tərəfindən təşkil olunmuş “Zalsburq tibb seminarları” adını almış “Mədə-bağırsaq xərçəngi” seminarında, 2022-ci ilin martında Türkiyənin Antalya şəhərində keçirilən XXII Beynəlxalq Cərrahiyyə Konqresində iştirak edib. Dünyanın bir çox ölkələrində elmi konfrans və seminarlarda cərrahiyyənin geniş sahələrini əhatə edən müxtəlif mövzularda çıxışlar edib.
2019-cu ildə Amerika Birləşmiş Ştatlarında çap olunan nüfuzlu “Annals of Transplantation” jurnalının və İngiltərədə çap olunan “World Journal of Surgical Oncology” jurnalının rəsmi rəyçi eksperti seçilib. Mərkəzi Gömrük Hospitalının radioloqu Emin Məmmədov və Azərbaycan Tibb Universitetinin professoru Nuru Bayramovla birgə 2019-cu ilin sentyabrında onun “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Transplantation Proceedings” jurnalında “Potensial canlı qaraciyər donorlarında qaraciyər parenximasının preoperativ dəyərləndirilməsi” adlı elmi məqaləsi ingilis dilində dərc edilib.
Həkim barədə daha ətraflı məlumat almaq üçün: https://customshospital.az/namik-novruzov/ .
Namiq Novruzovun qəbuluna yazılmaq üçün əlaqə nömrə: (012) 404-08-08.