"Yaponiyanın aparıcı hava yolu şirkəti All Nippon Airways (ANA) və ABŞ-ın Kaliforniya ştatında yerləşən Joby Aviation texnologiya startapı, 2027-ci ildən etibarən Yaponiyada elektriklə işləyən hava taksilərinin istifadəyə verilməsi üçün ortaq layihə həyata keçirməyi planlaşdırır".SİA xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər beş nəfərlik elektrikli hava taksilərindən ibarət 100-dən çox nəqliyyat vasitəsinin istifadəyə verilməsi məqsədilə birgə müəssisə yaradacaqlarını açıqlayıblar.
ANA-nın prezidenti və baş direktoru Koji Şibata bu layihənin "hava nəqliyyatında inqilab yaradacağını" bildirib.
Layihə çərçivəsində saatda 320 kilometr sürət yığa bilən, bir pilot və dörd sərnişin daşımaq imkanına malik elektrikli hava taksilərinin ilk olaraq Narita və Haneda hava limanları ilə Tokio şəhər mərkəzi arasında fəaliyyətə başlaması nəzərdə tutulur.
Gələcəkdə isə uçuş marşrutlarının genişləndirilməsi və digər bölgələri də əhatə etməsi planlaşdırılır.